ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında yaranmış qalmaqala görə, Amerika lideri Vladimir Putinlə əvvəlcədən planlaşdırılan vaxtdan tez görüşə bilər.
CNN yazır ki, ABŞ administrasiyası bu ssenarini “qapalı qapılar arxasında” müzakirə edir.
Qeyd olunur ki, bu arada Moskvada Ukrayna və ABŞ prezidentləri arasında münaqişə ucbatından müharibənin dayandırılması üzrə danışıqların ABŞ və Rusiya arasında potensial faydalı iqtisadi razılaşmaların xeyrinə ikinci plana keçə biləcəyi ilə bağlı optimizm artır. Nəşr bildirir ki, hazırda Amerika və Rusiya nümayəndə heyətləri arasında “yaxın gələcəkdə, ola bilsin ki, Fars körfəzi ölkələrindən birində baş tuta biləcək” danışıqların ikinci raunduna hazırlıq gedir. Kremlin danışıqlardakı nümayəndəsi Kirill Dmitriev CNN-ə deyib ki, ABŞ-la əməkdaşlığa “enerji” sövdələşmələri daxil ola bilər, baxmayaraq ki, konkret detallar hələ açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az