Ukrayna prezidenti Vladimir Zelenskinin gələn həftə ABŞ-a planlaşdırılan səfəri onun prezident Co Baydeni Amerikanın uzaqmənzilli silahlarından istifadə edərək Rusiya ərazisinə zərbələr endirməyə razı salmaq üçün son şansı olacaq.
Editor.az xəbər verir ki, bu barədə “The Economist” yazıb. Görüşün Nyu-Yorkda baş tutacağı dəqiqləşib. Bayden Ukrayna prezidentinə kömək edə bilməsə, Zelenskinin xahişi növbəti administrasiyaya ötürüləcək. Məsələyə noyabrda ölkədə keçiriləcək seçkilərdən sonra baxılacaq.
Bundan əvvəl Kiyev dəfələrlə Vaşinqtonun Rusiya ərazisinə zərbələr endirmə qadağasını ləğv etməmək qərarından məyus olduğunu bildirib. Bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov ABŞ hakimiyyətinə Rusiya ərazisinə zərbələr endirmək üçün hədəflərin siyahısının verildiyini bildirib. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov öz növbəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumlar üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya sərt və asimmetrik cavab verəcək.
//Samir Qurbanov, Editor.az