18 gündür ki, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda aksiyalarını davam etdirirlər.Dünən gündüz saatlarında Xankəndindəki separatçı-terrorçu qurumun rəhbərliyi ilə görüşə gəlmiş Rusiya “sülhməramlı” komandanı general Andrey Volkov separatçı haykların “hökumət” binasını mühasirəyə aldığını görərək gizli çıxışdan qaçıb, onun avtomobili isə ermənilərin mühasirəsində qalıb.
General Vokovun Xankəndinə gəldiyini və məhz Putinin milyarder “desant”ı Ruben Vardanyanla görüş keçirdiyini hazırda separatçı ünsürlərin Xocalı hava limanında keçirdiyi aksiyanın təşkilatçısı, “Sabahkı Artsax” qanunsuz “partiya”sının rəhbəri Tiqran Petrosyan da “Facebook”dakı canlı çıxışında təsdiqləyib.
Aksiyalar davam etdiyi müddətdə bir dəfə də olsun etirazçılarla görüşməyən Volkovun Vardanyanla görüşə “can atması” maraq doğurur. Digər tərəfdən isə məlumatda qeyd edilir ki, Volkov Rusiya “sülhməramlı”ların torpaqlarımızda növbəti hərbi təlimini də təşkil edib.
Hadisələri Editor.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Volkovun Azərbaycan maraqlarına zidd olan fəaliyyəti ilk dəfə deyil: “ Bu fəaliyyətlərin ciddi fəsadları artıq Rusiya sülhməramlı kontingentinin həm Azərbaycan, həm də Ermənistan tərəfindən kifayət qədər tənqidlərə məruz qalması ilə nəticələnib. Amma Rusiya sülhməramlılarının ən böyük fəaliyyətsizliyi ondan ibarətdir ki, bugünə qədər Qarabağdan erməni silahlıları çıxarılmayıb. Azərbaycan əraziləri onların gözü qarşısında ermənilər tərəfindən talanıb. Bu prosesin dünən son veriləcəyinə dair rəsmi təsdiqi olmayan məlumatlar yayıldı, amma fəaliyyətin dondurulmasını təsdiq edən heç bir görüntülər mövcud deyil. Maraqlıdır ki, Andrey Volkov bu məsələləri Azərbaycan tərəfi ilə deyil, separatçı qurum və onun nümayəndələri ilə müzakirə edir. Bu hal Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizin ərazisində hansısa separatçı qurum və nümayəndəliklər monitorinq keçirilməsini təşkil edə bilməz. Azərbaycan əraziləri olduğu üçün bizim iştirakımızla keçirilməlidir”.
Hərbi ekspertin sözlərinə görə şərtlərimiz təmin olunmayana qədər ekofəalların etiraz aksiyaları davam edəcək:
“Bu gün də etirazlar uğurlu şəkildə davam edir. Təlimlərə gəldikdə isə istənilən ordu müəyyən təlimlərə cəlb oluna bilər. Sülhməramlılar da hərbi kontingent olduğu üçün bu təlimlər keçirilməlidir. Əsas həmin təlimlər onların funksional vəzifələrinin daha doğru şəkildə yerinə yetirilməsinə imkan versin. Əsas mövzu ermənilərin ərazilərimizdən çıxarılması olmalıdır. Əks halda Volkov və onun rəhbərlik etdiyi kontingent ərazilərimizdə müddətindən daha tez zamanda çıxarılması müzakirə mövzusuna çevrilə bilər”.
//Safura Bənnayeva, Editor.az

