Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün təklif etdiyi planı müzakirə etməyə hazır olduğunu bildirib.
Eyni zamanda o, hesab edir ki, ukraynalıların özləri Amerikanın eks-prezidentinin bütün təklifləri ilə razılaşmayacaqlar.
Editor.az bildirir ki, bu barədə “Fox News” kanalının müxbiri Benjamin Halla görüşündə deyib. O, Ukrayna prezidentinə xatırladıb ki, Donald Tramp bundan əvvəl Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya biləcəyini bəyan edib. “Gəlin onunla danışaq və ona sülh düsturunda hansı addımların olduğunu göstərməyə imkan verək”, – deyə Ukrayna prezidenti bildirib. ABŞ-ın keçmiş prezidenti ilə görüşməyə və onun təkliflərini müzakirə etməyə hazır olub-olmadığını soruşduqda, Zelenski belə cavab verib: “Mən hazıram.
Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər”. Zelenski “Donbas və Krımı Rusiyaya verilərsə” döyüşlərin dayandırıla biləcəyi ilə razılaşıb. Eyni zamanda, Ukrayna prezidenti vurğulayıb ki, onun fikrincə, “ölkəmiz belə bir sülh planına razı olmayacaq”.
Xatırladaq ki, Donald Tramp dəfələrlə bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər. O, həmçinin Avropa müttəfiqlərini Ukraynaya daha çox pul xərcləməyə razı sala biləcəyini təkid edib. Volodimir Zelenski şəxsi görüşdə Rusiya ilə münaqişəni 24 saat ərzində bitirməyin mümkünsüzlüyünü izah etmək üçün Trampı Ukraynaya dəvət edib. ABŞ-ın keçmiş prezidenti isə bundan imtina edib.
//Samir Qurbanov, Editor.az

