Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ səfirləri ilə danışıqlar zamanı ölkəsinin NATO üzvlüyündən imtina etməyi təklif edib. Bunun müqabilində isə o, Qərb ölkələrindən təhlükəsizlik zəmanətləri tələb edib.
Avropa Birliyi diplomatiyasının rəhbəri Kaja Kallas da jurnalistlərə bildirib ki, Ukraynanın alyansa qoşulması “artıq masada deyil”: “Əgər bu (Ukraynanın NATO-ya qoşulması) artıq müzakirə olunmursa və artıq masada deyilsə, onda hansı maddi təhlükəsizlik zəmanətlərinin mövcud olduğuna baxmalıyıq. Bunlar, bilirsinizmi, real qoşunlar, real imkanlar olmalıdır”, – deyə xanım Kallas Brüsseldə Aİ Xarici İşlər Nazirlərinin Görüşü başlamazdan əvvəl jurnalistlərə bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner Berlində danışıqlarda iştirak edirlər. Görüş 14 dekabrda başlayıb və beş saat davam edib.
Tərəflər bazar ertəsi günü danışıqları davam etdirmək barədə razılığa gəliblər. Vitkov bildirib ki, Vaşinqton və Kiyev sülh planının müzakirəsində “əhəmiyyətli irəliləyiş” əldə ediblər.
//Samir Qurbanov, Editor.az

