Avropa Komissiyasının sədri Ursula von der Leyen mayın sonunda Aİ sammitində Rusiyanın neft embarqosu ilə bağlı razılığın əldə olunması imkanını istisna edib.
Editor.az xəbər verir ki, bu barədə o, “Politico”ya verdiyi açıqlamasında deyib.
“Düşünmürəm ki, bu, Avropa Şurasında həll olunası məsələdir, çünki müzakirə etdiyimiz məsələ çox texniki xarakter daşıyır. Söhbət dənizə çıxışı olmayan və boru kəmərləri ilə alternativ təchizata ehtiyacı olan ölkələrdən gedir. Bunun üçün hələ zaman var”,- Leyen bildirib.
Xatırladaq ki, mayın əvvəlində von der Leyen Rusiyaya qarşı altıncı sanksiyalar paketini təqdim edib. Paketdə Rusiya neftinin idxalına qadağa da daxildir. Paketin qüvvəyə minməsi üçün bütün üzv dövlətlər tərəfindən yekdilliklə təsdiqlənməlidir. Lakin Macarıstan və Slovakiyanın etirazları səbəbindən üzvlər hələ də razılığa gələ bilmirlər. Macarıstanın baş naziri Viktor Orban daha əvvəl Avropa Birliyinin Rusiya neftinə tətbiq etdiyi mümkün embarqonu Budapeşt üçün “atom bombasına bərabər” hesab edib və Macarıstanın enerji mənbələrini şaxələndirmək üçün beş il lazım olduğunu deyib.
//Gülnarə Abasova, Editor.az

