Vüqar İskəndərov: “Əli Kərimli və “Milli Şura” adlı anti-milli qrup eyforiya içindədir”backend

Vüqar İskəndərov: “Əli Kərimli və “Milli Şura” adlı anti-milli qrup eyforiya içindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əli Kərimli və onun “Milli Şura” adlandırdığı anti-milli qrup yenə eyforiya içindədir. Bir dövlətin inkişaf etməsi üçün vacib olan institusional sistemlər, müvafiq orqanlar işləyir, çalışır və dövlətin inkişaf etməsində müxalifətin də xüsusi, özəl yeri olur. Bir dövlət demokratik ab-hava ilə sistemi inkişaf etdirmək istəyirsə, təbii olaraq, ona əks fikirdə olan, səhvlərini görən və siyasi hakimiyyətə can atan digər müxalifət partiyaya da ehtiyacı olur. Təəssüf ki, bu sahədə Azərbaycanın bəxti gətirməyib. Özünü “müxalif” adlandıran bir neçə nəfər milli maraqlardan kənar bütün qüvvələrlə əməkdaşlıq etməyə, hətta şeytanla da müqavilə imzalamağa hazırdır. Bunun bariz nümunəsi Milli Şuranın 21 aprelə təyin etdiyi mitinqin mayın 5-nə keçirilməsidir”.

Bu sözləri Prvada.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, radikal müxalifətin tələbləri də özləri qədər əcaib və absurddur: “Üç yüz nəfərə yaxın “siyasi məhbus”dan, qarşıda keçiriləcək parlament seçkilərinin anti-demokratik olacağından danışırlar. Hələ keçirilməyən bir şeyin anti-demokratik olacağını haradan bilirsiniz? Ümumiyyətlə, son parlament seçkilərinin hansı ab-havada olduğunu görmədinizmi? Siz harada yoxsunuzsa, deməli, orada demokratiya yoxdur? Qaldırdıqları digər məsələ “uşaqpulu”nun verilməsidir. İnsanların guya zəif yerini vurmağa çalışırsınız. Azərbaycan sosial dövlət olduğu üçün hər halda bununla bağlı çox vacib addımlar atır və atacaq. Digər məsələ quru sərhədlərin açılması. Axı gözünüz kordurmu? Görmürsünüz ki, nələr baş verir? Hansı proseslər gedir? Dünyada hansı siyasi arxitektura formalaşdırılır? Azərbaycanı vacib aktor kimi görə bilmirsinizsə, gedin göz həkiminə, ya da bəsirət gözünüzü yoxladın, açın baxın, görün! Artıq dünyanın böyük güclərinin də qəbul etdiyi güclü Azərbaycanda yaşayırsınız, amma bunu görmək, qəbul etmək istəmirsiniz. Bir neçə il öncə bir nəfər müxalif bizim dostumuz olan siyasi həmfikirmizlə rayondan Bakıya birgə gəlmişdi. Yolda mübahisə edirlər. Dostumuz sizin kimisinin birinə inkişafdan danışır, əyani göstərir. Rayonlardan keçdikcə illər əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə edir, iqtisadiyyatdan, siyasətdən və s. söz açır, yeni salınmış yollardan keçəndə yolları göstərir, bir çox ölkənin 70-80 ilə keçə bilmədiyi yolu bizim 30 ilə yaxın müddətdə keçdiyimizi, bunun üçün nə qədər işlər görüldüyündən bəhs edir. Sual verir ki, bütün bu inkişafı görmürsən, danışdıqlarımızı eşitmirsən? Əli Kərimlinin ətrafından olan o müxalifət nümayəndəsi bilirsiniz, nə cavab verir? Etiraf edir ki, “görürəm, qardaş, görürəm, amma qəbul edə bilmirəm”. Bax, budur xislətiniz, ruhunuz, düşüncəniz. Qəbul edə bilmir, bu inkişafı, tərəqqini görmək istəmirsiniz. Güclü Azərbaycan istəmirsiniz. Yenə də o illərdəki kimi kimlərinsə əlaltısı kimi görmək, kimlərinsə idarəsi altında olmağımızı istəyirsiniz. Avropa Şurasına, Avropa İttifaqına, ATƏT-ə və kimlərəsə müraciət edirsiniz ki, Azərbaycanla hansısa dildə danışsınlar. Görmürsünüz ki, heç bir dildə danışa bilmirlər? Azərbaycanla bütün sferalarda hər şeyə əl atdılar. Nəyə nail oldular? Heç nəyə. Yalnız Azərbaycanın milli maraqları, Prezidentin ağıllı, düşünülmüş siyasəti, qətiyyəti bütün baş verəcək hadisələri öncədən görərək qarşısını alması, onları fakt qarşısında qoyması bu gün ölkəmizi sabitlik adasına çevirib. Sizin də yaxınlarınız bu ölkədə yaşayır. Dünyanın necə çalxalandığını görürük. Sabitlik ən qiymətli varidatımız, xəzinəmiz, qazancımız deyilmi? Biz bunu qəbul edə bilmiriksə, deməli, problemlərimiz böyükdür. Siz problemlərinizi özünüz artırırsınız. Hər bəyanatınızda düşmən kəsildiyinizi göstərirsiniz. Dövlətə müxalif olmur, iqtidara müxaliflik olur. Dövlət hər birimizin istinad yerimizdir. Xalq hər birimizin sığındığı, bir-birimizin kürəyini söykədiyi insanlardan ibarətdir. Bax, bu xalqın birliyini, dövlətimizin bütövlüyünü qoruyub saxlamalıyıq. Az qala 100 illərlə həsrətində qaldığımız qələbələri qazanırıq. Necə ola bilər ki, bunu görüb, etiraf etməyəsən, bu qədər qələbələri gözardı edəsən? Deməli, siz məhz bu ölkənin inkişafını, tərəqqisini görmək istəmirsiniz. Çünki Azərbaycanın uğurlu gələcəyini qəbul etmək, görmək istəmirsiniz. Əli Kərimli və onun ətrafında olanlar, Milli Şura! Bəlkə də, hələ nə qədər gec deyil, etiraf etməlisiniz, artıq kənara çəkilməlisiniz. Sağlam müxalifət olmasını istəyirsinizsə… Yanınızda, bəlkə də, normal gənclər var, az da olsa, kimlərsə rasional düşünə bilər. Şərait yaradın, imkan verin, naftalin iyi verən sizlərdən onların da canı qurtarsın. Bəlkə, onda normal müxalifətlik mədəniyyətini gətirə bilərlər. Amma “bəlkə” deyirəm. Çünki buna da şübhəmiz var…”