Vüqar Rəhimzadə: Faciələrimizi unutmamalı, nəsildən-nəslə çatdırmalıyıqbackend

Vüqar Rəhimzadə: Faciələrimizi unutmamalı, nəsildən-nəslə çatdırmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanlığa qarşı qəddarlığına, vəhşiliyinə görə ən dəhşətli faciə kimi tariximizə yazılmış Xocalı soyqırımının törədilməsindən 32 il keçir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, Pircamal kəndləri yaxınlığında erməni terrorçuları tərəfindən ya qətlə yetirildi, ya da əsir götürüldü. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər ən vəhşi üsullarla qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edildi. Şəhər yerlə-yeksan edildi. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı qırğınla müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayət kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.

Azərbaycan diplomatiyasının əsas hədəfi Xocalı faciəsini soyqırımı kimi dünyaya tanıtmaqdır. Dövlətimizin uğurlu, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti nəticəsində artıq Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Belə ki, Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edildi. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ildə qəbul etdiyi tarixi qərarında “Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da faciənin tanıdılması istiqamətində atılan mühüm addımlar sırasındandır. Bu kampaniyaya 2008-ci ildən başlanılıb. Kampaniyaya dəstək yüksək səviyyədədir. “Xocalıya ədalət!” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, sözügedən soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, faciə qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıqlar yaratdı. “Dəmir yumruq” tarixi Zəfərimizin rəmzinə çevrildi. Yağı düşməndən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qisası döyüş meydanında alındı. Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan dövləti ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması üçün səylər göstərdi. Məsələnin sülh yolu ilə həllinə nail olmağa çalışdı. Lakin Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmədi, hərbi təxribatlarını davam etdirdi. Bu vəziyyət antiterror tədbirlərini qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19-20 sentyabr tarixlərində həyata keçirdikləri və bir sutkadan da az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il doğum günü ərəfəsində Xankəndiyə, Xocalıya səfər etməsi böyük tarixi hadisə olmaqla yanaşı, qısa müddətdə görülən işlərin təqdimatı kimi çağdaş tariximizə düşdü. Belə ki, dövlət başçısı səfər çərçivəsində bir günlük lokal antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocalı rayonunun Naxçvanlı, Pircamal, Xanabad, Pirlər, Dağdağan, Şuşakənd kəndlərində oldu.

Vüqar Rəhimzadə bildirib ki, hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının genişləndirilməsi, soydaşlarımızın mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdışıdır. Artıq suverenliyimizin tam bərpa olunması və bunun əsasında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsi ilə Azərbaycanın həyatında yeni dövr başlayıb. İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində hədəfləri açıqlayarkən bu il soydaşlarımızın qayıdacağı ünvanları da diqqətə çatdırdı. Sakinlərinə qovuşan Füzuli və Laçın şəhərlərinin sırasına bu il Cəbrayıl, Kəlbəcər, Şuşa, Xocalı və Xankəndi şəhərləri də daxil olacaq. Bu il 25 Xocalı ailəsinin öz doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Xocalı faciəsinin ildönümü günlərində ənənəvi keçirilən anım mərasimlərinə də yönəldib. Bildirib ki, hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşü bütün dünyaya çağırış oldu: “Bir daha sübut olundu ki, əksər dünya gücləri ədaləti və beynəlxalq hüququ maraqlarına qurban versələr də, həqiqəti inkar etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz bu məqamlara bir daha işıq saldı. Ədalət məfhumu var, sadəcə bunun üçün səylər göstərmək, informasiya mübarizəsində üstünlüyü qazanmaq və qorumaq gərəkdir. Tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifinin edilməsi ermənilərin törətdikləri faciələri, hərbi təxribatları unutmaq anlamına gəlməməlidir. Faciələrimizi unutmamalı, onları nəsildən-nəslə çatdırmalıyıq”.