Vüqar Rəhimzadə: Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdırbackend

Vüqar Rəhimzadə: Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günümüzün reallıqları özlərini dünyanın supergücləri hesab edən dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərin, ən əsası onlara qarşı xalqların etimad limitinin sıfıra enməsinin növbəti təqdimatıdır. Təəssüf ki, bəzi dünya gücləri yenə də ənənələrinə sadiq qalaraq yeri gəldi-gəlmədi istinad etdikləri beynəlxalq hüququn norma və prinsiplərini, demokratik dəyərləri maraqlarının arxasında gizlədir, ayrı-ayrı coğrafiyalarda yeni münaqişə ocaqları yaradıb onları idarə etmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Azərbaycan hər zaman bu cür antibəşəri, ikili standartlara əsaslanan siyasətlə üz-üzə qalsa da heç vaxt heç kimin diktəsi ilə oturub-durmayıb, əksinə atdığı addımlarla demokratiyanı strateji kursunun əsası kimi qəbul etdiyini, ədalət və beynəlxalq hüquq prinsiplərini həyata keçirdiyi siyasətin önündə saxladığını təsdiqləyib.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib: “Bu, bir reallıqdır ki, Azərbaycanın mütəmadi olaraq ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər ərəfəsində qərəzli ittihamlarla rastlaşması ənənə halını alıb və ölkə ictimaiyyəti artıq bəzi beynəlxalq güclərin bu ikili standartlara əsaslanan siyasətinə qətiyyən təəccüblənmir. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti 2024-cü ilin yanvar ayında bəyanatla çıxış edərək qurumda öz fəaliyyətini dayandırmasından, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra həmin güclərin ölkəmizə qarşı əks-təbliğat kampaniyası daha açıq müstəviyə keçdi. Bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin sözügedən bəyanatından sonra nümayəndə heyətimizin ədalətsiz olaraq səs hüququndan məhrum edilməsi barədə qətnamə qəbul etməsi bunun əyani təsdiqi oldu. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bu məsələyə xüsusi diqqət yönəldərək bir daha belə bir qərarın verilməsinə səbəb olan amilləri açıqladı. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin 23 ildən artıq dövrdə Azərbaycan-Avropa Şurası əlaqələrinin aydın ifadəsini yaratdı. Qurum hələ 2001-ci ildə işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistanı eyni zamanda sıralarına üzv qəbul etməklə beynəlxalq hüquqa, demokratik dəyərlərə hansı prinsiplər əsasında yanaşdığını sübut etmişdi”.

V. Rəhimzadənin sözlərinə görə, Azərbaycan dövlətinin bəzi dünya güclərinə, beynəlxalq təşkilatlara əsas çağırışlarından biri məhz budur ki, məsələlərə ikili standartlarla yanaşmaq mərəzinə son qoyulsun, hadisələrə ədalət meyarından yanaşılsın. Bu gün Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Bu reallıqların regionda, dünya siyasətində yaratdığı yeniliklər göz önündədir. Azərbaycan tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, sadəcə, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Ölkəmizin zəfərlərini qısqanclıq hissi ilə qarşılayıb əsassız təbliğatları davam etdirmək heç bir dünya gücünə, beynəlxalq təşkilata başucalığı gətirmir. Demokratik dəyərlərin təbliği və inkişafı ilə məşğul olmalı olan AŞPA-nın artıq maraqların bu dəyərləri üstələdiyi bir məkana çevrilməsi yumsaq formada ifadə etməli olsam ikrah hissi doğurur. Görünən budur ki, AŞPA müəyyən bəhanələrlə Azərbaycanın qarşıya qoyduğu tələbləri yerinə yetirməkdən yayınır. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabenin ənənəsinə uyğun olaraq yenə də qeyri-ciddi fikirləri ilə gündəmə gəlməsi özündə bəzi məqamları ehtiva edır. Azərbaycanın ev sahibliyi və sədrlik edəcəyi son dərəcə mötəbər beynəlxalq tədbirin-COP29-un keçirilməsinə çox az bir vaxtın qalmasını nəzərə alanda ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələrin qərəzli təbliğatlarını genişləndirmələrinin çirkin məqsəd və məramını açıq-aydın başa düşmək olur. Xarici anti-Azərbaycan qüvvələrin ruporu rolunda çıxış edən Frank Şvabe kimi erməni dəyirmanına su tökənlər Azərbaycanda olmayan “siyasi məhbus” məsələsini gündəmə gətirməklə çirkin niyyətlərini açıq-aşkar nümayiş etdirirlər. Görünür, Frank Şvabenin başı o qədər ermənilərin müdafiəsinə qarışıb ki, üzvü olduğu qurumun Azərbaycanla bağlı “siyasi məhbus” məsələsinə çoxdan nöqtə qoymasından, ölkəmizdə siyasi məhbusun olmadığını özünün müvafiq qətnaməsi ilə təsdiqlənməsindən xəbərsizdir. Azərbaycan insan amilinə yüksək dəyər verən, insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində təkmil addımlar atan ölkə kimi tanınır. Bu reallıqları düzgün dəyərləndirmək üçün maraqlar deyil, ədalət prinsipi öndə olmalıdır ki, bu da Frank Şvabe kimilər üçün yad anlayışdır.

Baş redaktor vurğulayıb ki, Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələrinin beynəlxalq informasiya məkanında hücuma keçmələrinə artıq adət edib. “Evrovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ərəfəsində də eyni proseslər müşahidə edilmişdi. Frank Şvabe kimilər də sadəcə həmin təlimatları yerinə yetirən xırda icraçılardır. “İnsan haqları”, “demokratiya”, “siyasi məhbuslar” kimi absurd iddialar Qərb dairələrinin leksikonunda siyasi alət rolunu oynayır. Onlar bu alətdən bir qayda olaraq müstəqil siyasət yürüdən ölkələrə qarşı istifadə edirlər. Kiçik dövlətlərə “demokratiya” dərsi keçməyə cəhd edən bəzi dünya gücləri öz ölkələrində baş verən proseslərə diqqət yetirsələr ,yeri gəldi-gəlmədi ağızdolusu danışdıqları demokratiya və insan hüquqları amillərinə daha çox xidmət etmiş olarlar. Özlərinə “umac ova bilməyib başqasına əriştə kəsmək” barədə düşünənlər unudurlar ki, Azərbaycan müstəqil siyasətini sözdə deyil, hər bir addımında təsdiqləyən ölkədir. Həmin güclərin dəstək verdiyi Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqilliyi formal xarakter daşımır. Azərbaycan heç bir qüvvənin göstərişi ilə oturub-durmadığını dəfələrlə əyani surətdə sübut edib. Dövlətimizin başçısı İlham Əliyevin “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!” çağırışı bu gün də Ermənistana havadarlıq etmək istəyən dünya güclərinə, onları bu və ya digər beynəlxalq təşkilatlarda təmsil edən dairələrə ciddi mesajdır.

“Azərbaycan ictimaiyyəti Şvabenin, eyni zamanda, bir sıra ABŞ konqresmenləri və senatorlarının, fransalı “siyasətçilərin” və insan hüquqları “müdafiəçilərinin” məqsədyönlü, sifarişli hücumlarına mütəmadi şahidlik edib və bu gün də eyni ab-hava yaşanır. Maraqların ədaləti, beynəlxalq hüququ, demokratik dəyərləri üstələdiyi məkanlarda qərəzli yanaşmalar, əsassız təbliğatlar qaçılmazdır. Sirr deyil ki, yeni hücum dalğası Azərbaycanın beynəlxalq nüfuzunun, ölkəmizə böyük inamın və etimadın göstərici olan COP29-la bağlıdır. Bütün bunların arxasında erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin dayanması şəksizdir. Bunun üçün hazırda ermənilərin AŞPA-da təmsilçisi rolunda çıxış edən Şvabenin kimliyinə və onun bu günədək Azərbaycana qarşı həyata keçirdiyi əsassız təbliğatlara diqqət yetirmək kifayətdir. Frank Şvabenin fəaliyyəti korrupsiya, rüşvət qalmaqalları, islamofob çıxışlarla zəngindir. Şübhəsiz, mayası ölkəmizə qarşı qərəzdən yoğrulan təbliğatlara tutarlı cavab Azərbaycanın bugünkü reallıqlarıdır. Dövlətimizin hər bir addımı Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Azərbaycanın demokratiya təcrübəsi bütün dünyaya nümunədir. Ölkəmiz beynəlxalq hüququn prinsiplərinə söykənərək ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan hazırda regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi və beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasına səy göstərir. Suverenliyimizi bərpa etdiyimiz üçün Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum edən AŞPA yaxşı olar ki, ölkəmizin qarşıya qoyduğu tələbləri yerinə yetirib sülh müqaviləsinin imzalanması prosesinə dəstək olsun. Eyni çağırış bəzi dünya güclərinə də edilir. Tarixi Zəfərimizdən sonra da Ermənistana dəstəyini hər bir baxımdan davam etdirən, təcavüzkarı silahlandıran Fransanın çirkin niyyətlərini müxtəlif bəhanələrlə diqqətdən yayındırmaq cəhdləri göz önündədir. Şvabe kimilər Azərbaycanın Zəfərini həzm edə bilməyən Fransa və Almaniyanın cızdıqları ssenarinin oyunçularıdır. Şübhəsiz, bu çirkin oyun da baş tutmayacaq. Çünki indiyədək ölkəmizə qarşı hər bir cəhd Azərbaycanın real faktlara və tarixi həqiqətlərə söykənən hücum diplomatiyasının nəticəsində iflasa uğrayıb və şübhə yoxdur ki, bundan sonra da belə olacaq”, – deyə o qeyd edib.