Vüqar Rəhimzadə: Vaşinqtonda polis qəddarlığı, 5 nəfərin ölümü demokratiyadır, Azərbaycanda isə vandalların həbsi antidemokratiya?backend

Vüqar Rəhimzadə: Vaşinqtonda polis qəddarlığı, 5 nəfərin ölümü demokratiyadır, Azərbaycanda isə vandalların həbsi antidemokratiya?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-da baş verən son hadisələr Azərbaycandakı radikal müxalifəti növbəti dəfə ifşa etdi. Məlum olduğu kimi, Birləşmiş Ştatlarda keçirilmiş son prezident seçkilərində saxtakarlığa yol verildiyini iddia edən Donald Trampın tərəfdarları yanvarın 6-da ABŞ Konqresində ötən il noyabr ayının 3-də keçirilmiş seçkilərin nəticələri müzakirə olunan zaman Kapitoliyanın binasına hücum etmişlər. Hadisə nəticəsində  5 nəfər polis tərəfindən öldürülüb, yarlananlar var. ABŞ-ın yeni  Prezidenti Co Bayden deyir ki, bu terror aktıdır, iştirakçılar da terrorçudurlar, baş verənlər isə qiyamdır. Lakin Azərbaycanda ABŞ demokratiyasını hər zaman insanlara nümunə göstərən AXCP, antimilli şura və “5-ci kolon”un təmsilçiləri indi nədənsə Birləşmiş Ştatlarda  baş verən son antidemokratik hadisələrlə bağlı səslərini çıxarmır, necə deyərlər, “susmaq qızıldır” prinsipinə üstünlük verərək ağızlarına su alıb dururlar.  Ona görə də  bu gün ABŞ-da baş verən son antidemokratik hadisələrin fonunda istər-istəməz ictimaiyyətdə belə haqlı suallar yaranır ki, bəs AXCP və antimilli şura üzvlərinin ötən il iyulun 14-də Azərbaycan parlamentinə hücumunun adı  nə idi? Niyə  Vaşinqtonda baş verənlər terror və qiyam, Azərbaycanda isə gecənin bir aləmində dövlətin aparıcı  sturukurlarından birinin- Milli Məclisin binasının zəbt edilməsi üzdəniraq dağıdıcı müxalifət tərəfindən demokratiyanın təzahürü  kimi dəyərləndirilir?”
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, radikal müxalifətin məntiqsizliyinə görə, Vaşinqtonda polis qəddarlığı, 5 nəfərin ölümü demokratiyadır, Azərbaycanda isə hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərən vandalların həbsi antidemokratiya: “Ermənistan-Azərbaycan sərhədində düşmənin törətdiyi növbəti təxribatdan sonra 2020-ci il iyulun 14-də Bakıda xalqın küçələrə çıxaraq Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstək mitinqindən istifadə edərək radikalların dövlət çevrilişi cəhdini demokratiyanın tələbi adlandıran  antimilli şura indi niyə susur? Niyə üzdəniraq “Azərbaycan demokratları” Vaşinqtonda  baş verən son  hadisələri şərh edib özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ-da insanların qəddarlıqla öldürülməsinə, yaralanmasına münasibət bildirmirlər? Lakin bütün bunların əvəzində İkinci Qarabağ müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərindəki tarixi Qələbəsinə kölgə salmağa cəhdlər edirlər”.
Baş redaktor diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən   müşavirədə dövlətimizin başçısının söylədiyi bu fikirlər də bütövlükdə radikal müxalifətin, “5-ci kolon”un ifşasına səbəb oldu: “44 günlük Vətən müharibəsi zamanı ölkədə 50-dən çox siyasi partiya iqtidarın, Ali Baş Komandanın yanında oldu, birgə bəyanat imzaladı. Buna görə də, haqlı sual da ortaya çıxır ki, bəs, AXCP, antimilli şura harada idi? AXCP-nin, antimilli şuranın Qarabağın işğaldan azad edilməsi kimi ümummilli bir məsələdən kənarda qalmağı satqınlığın, xainliyin daha bir isbatı deyilmi?”
Vüqar Rəhimzadə əlavə edib ki, hər gün sosial şəbəkələrdə Okeanın o tayından hakimiyyətə şər-böhtan atan, yalan danışan qondarma antimilli şuranın üzdəniraq sədri Cəmil Həsənli, AXCP-nin avantürist  sədri Əli Kərimli, hələ də siyasi mənsubiyyəti  bilinməyən Tofiq Yaqublu, daim ailə münaqişələri ilə gündəmdə olan Fuad Qəhrəmanlı və başqa antimilli ünsürlər Vətən müharibəsi dövründə harada gizlənmişdilər?
“AXCP-nin, antimilli şuranın orduya dəstəyini Azərbaycan cəmiyyəti görmədi. Heç kəs görmədi. Əksinə, hər kəs şahidi oldu ki, antimilli şuraçı Gültəkin Hacıbəyli necə Qələbəni qeyd edən insanları trol adlandırdı, təhqir etdi. Bu qədər faktlar ortada olduğu halda AXCP və antimilli şura necə iddia edə bilərlər ki, onların Qələbədə rolu olub? Xeyr, olmayıb. Çünki AXCP və antimilli şura satqındır, fəraridir və xalqın Qarabağ Qələbəsinin onlara heç bir aidiyyəti yoxdur.”

Loading...