Bu günlərdə Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi XIII Qlobal Bakı Forumunun əhatə etdiyi “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu hazırkı dövrün çağırışları ilə yanaşı, məsələnin həllində əsas faktor olan birgə səylərin göstərilməsini və ədalətə, beynəlxalq hüquqa əsaslanan yanaşmanın ortaya qoyulmasını bir daha aktuallaşdırdı. Bu kimi çağırışlar hər bir ölkənin malik olduğu imkanların, dünyada söz sahibliyinin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycanın istər regionda, istərsə də dünya siyasətində artan rolu, söz sahibliyi diqqətdən kənarda qalmır və beynəlxalq səviyyədə təqdir edilir. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar əsasında son illərdə bu istiqamətdə ölkəmizin liderliyi daha aydın görünür. Dövlət başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində Azərbaycanın liderliyini, artan rolunu şərtləndirən amillərə hər zaman xüsusi diqqət yönəldir. Reallıq budur ki, hazırda yeni dünya nizamı formalaşır, lakin bununla bağlı fikir ayrılıqları mövcuddur. Bu yanaşma bütün dövrlərdə mövcud olub və Azərbaycan zaman-zaman ən yüksək tribunalardan sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək onların ümumi vəhdəti fonunda bir inkişaf modelinin qurulmasının vacibliyini bildirib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsində də sabitlik və təhlükəsizlik əsas faktor kimi diqqətdə saxlanılır. Azərbaycan təhlükəsiz ölkə, sabitlik diyarı kimi qazandığı nüfuza hər zaman yeni əlavələr edir. Başqa sözlə, dövlətimiz daim yeni hədəflərin müəyyənləşdirilməsinə və onlara doğru inamlı addımların atrılmasına səylər göstərir. Azərbaycan, eyni zamanda, hər zaman iqtisadi müstəqilliyi ilə də diqqətdə olub. Ölkəmizin malik olduğu resurslar ona beynəlxalq arenada iqtisadi və siyasi dividendlər qazandırır. “Əsrin müqaviləsi” imzalandığı dövrdə Azərbaycan neft ölkəsi kimi tanınırdı. Lakin illər keçdikcə, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də reallığa çevrildikdən sonra Azərbaycan regonal inkişafın aparıcı qüvvəsinə, həmçinin qaz ixracatçısına çevrildi. Bu layihələr ölkəmizin siyasi mövqeyini də möhkəmləndirdi. Azərbaycanın bugününə və gələcəyinə inam hazırda reallığa çevrilən, həmçinin gündəmə gətirilən layihələrin timsalında özünün aydın ifadəsini tapır. Ölkəmiz bu gün 16 ölkəyə qaz ixrac edir. Bu əminliyi də ifadə edirik ki, bu, son rəqəm deyil. Ölkəmiz Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlanılıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni təbii qaz mənbələrinin istismarı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız genişlənir.
Bu fikirləri Mİlli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayan və ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin builki iclasında Prezident İlham Əliyev bu hədəfi də açıqladı ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanması hədəflənib.
Yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə böyük ehtiyacın olduğu aydın şəkildə görünür. Bütün bunlar Azərbaycanın həm yeni tərəfdaşlar qazanmasını, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırmasını şərtləndirir. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu kimi məsələlər ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbirində geniş müzakirə edilməklə Bakı iqlim konfransının bu günədək müzakirə olunan uğurlu nəticələrində aydın ifadəsini tapdı. Həmin iqlim konfransında liderlər bu çağırışı etdilər ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Bu qiymətləndirmələr onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi və siyasi müstəqilliyin vəhdətini yaratmaqla dayanıqlı inkişafa geniş imkanlar yaradır. Ölkəmizin bu gün dünyaya təqdim etdiyi sülh təcrübəsi də bu kimi məqamların açıqlanmasında əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra regionda dayanıqlı inkişafın təmin edilməsinin prioritetliyi vurğulanmaqla yanaşı, buna nail olmağın yolu-sülhün təmin edilməsi də irəli sürüldü. Azərbaycanın bu təklifinə beynəlxalq dəstəyi hazırda Ermənistanla tarixi sülh razılaşmasının əldə edilməsində aydın şəkildə görürük. Bu sülhün hansı uğurlara yol açdığı da göz önündədir. Azərbaycan Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyir. Bu istiqamət Ermənistan ərazisindən keçəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə ölkəmizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan yalnız bölgədə deyil, bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurması, ədalətin və beynəlxalq hüququn yanında olması, yeni dünya nizamının məhz bu dəyərlər əsasında formalaşdırılmasına çağırışlar etməsi və sair kimi mühüm məqamlar xarici siyasət uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Azərbaycanın əməkdaşlıq əlaqələrində qarşılıqlı etimad münasibətlərinin qorunmasına xüsusi önəm verməsi, qonşuluq və qardaşlıq prinsiplərini sözdə deyil, əməldə qoruması da liderliyini möhkəmləndirməsində öz sözünü deyir. Son hadisələr bunun bir daha təsdiqi oldu.
Millət vəkili onu da bildirib ki, əvvəldə qeyd etdiyimiz kimi, artan geosiyasi gərginliklər dövlətlər üçün düşünülmüş siyasət yürütməyi tələb edir. Azərbaycanın uğurlarında daim Lider və düşünülmüş siyasət faktorları önə çəkilir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mühüm çağırışlarından biri bu oldu ki, müstəqilik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan əsas vəzifə beynəlxalq aləmdə varlığını təsdiqləmək, yerini və rolunu möhkəmləndirməkdir. Ulu Öndərin hər bir çağırışı Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində yol xəritəsi oldu. Azərbaycan hər bir addımında müstəqil siyasət yürütdüyünü, milli maraqları hər şeydən üstün tutduğunu nümayiş etdirir. Qlobal problemlərin həllində, siyasi dialoqun təşviqində və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycanın rolunun artmasının təsdiqi təbii ki, günümüzün reallıqlarıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan əbədi sülhə sadiqdir. Bu, bizim strategiyamız və siyasətimizdir.

