Vüsalə Hüseynli: “Aliment Fondu bizə gələcək üçün faydalı vətəndaş böyütməkdə yardımçı vasitə ola bilər”backend

Vüsalə Hüseynli: “Aliment Fondu bizə gələcək üçün faydalı vətəndaş böyütməkdə yardımçı vasitə ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir yerdə çalışmayan ana üçün, Aliment Fondundan verilən maddiyyat nəfəslik ola bilər”. Bu sözləri İslahatçı Qadınlar və İnnovasiayalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli Editor.az-a açıqlamasında bildirib.

Aliment Fondu məsələsi zaman-zaman səsləndirilsədə təəssüf ki, bu günə kimi hələdə real addım atılmayıb. Baxmayaraq ki, bu təkliflə Milli Məclis çıxış etdikdən sonra, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə sorğu da göndərdi. Uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmin, yəni Aliment Fondunun yaradılması təklif edildı. 2020-ci ildə isə Azərbaycanda insan hüquqlarının qorunması haqqında insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) məruzəsində də sözügedən məsələ əksini tapdı. Ancaq görünür pandemiya və digər səbəblərdən bu məsələnin həlli nəticəsiz qaldı.
Cəmiyyətdə rastlaşdığımız ailə daxili münasibətlərin faciə ilə bitməməsi baxımından aliment fondunun əhəmiyyətinə gəlincə, qeyd etməliyəm ki, bunun əhəmiyyəti böyükdür. Ölkədə belə bir Fondun yaradılmasına ciddi ehtiyac var. Hazırkı vəziyyəti təhlil edəndə, aydn şəkildə görünür ki, illər keçsədə problem dəyişmir. Belə ki, ailələrdə şikayətlərin bir qismi, daha çox ata tərəfindən alimentin ödənilməməsi ilə bağlıdır və yaxud nadir hallarda rsat gəlinsədə bəzən ananın ataya aliment ödəməsi məsələsidə gündəmə gəlir. Əlbəttə, ata müxtəlif səbəblər göstərir, bəziləri bilərəkdən, qəsdən aliment ödəmir. Bəziləri isə hesab edirlər ki, onlara şərait yaradılmalıdır, onlar işləməlidirlər və qazancları olmadığı üçün də alimenti ödəyə bilmirlər. Bilirik ki, aliment ödəyə bilməyən atalar üçün müəyyən hüquqi təqiblər həyata keçirilir. Məhkəmə qərarının icra olunmamasına görə əvvəlcə inzibati qaydada, sonra isə cinayət təqibi qaydasında məsuliyyətə cəlb olunurlar. Amma bu, problemi həll eləmir və tutaq ki, kimsə bir neçə gün, yaxud bir neçə il həbs olunur. Prosess bununla bitir ancaq problem həll olunmamış qalır. Çünki, aliment ödəyəcək şəxsin həbsinin, uşağa və ya ailəyə heç bir xeyri olmur. Bu səbəbdən, Aliment Fondu ödəmə qabiliyyəti olmayan valideynlərin əvəzinə həmin fonddan uşaqlara aliment ödənilməsi istiqamətində ideal çözüm yoludur. Çünki uşağın normal böyüməsi, qidalanması, təhsili üçün maddiyyat önəmlidir. Doğrudur, uşaqlara valideyn sevgisi heç bir madiyyatla ölçülə bilməz. Ancaq valideynlər arasında ciddi keçimsizlik varsa təbii ki, bundan ən çox zərəri uşaq görür istər mənəvi, istərsədə maddi baxımdan. Bu mənada, Aliment Fondunun yaradılması günün tələbidir.

Ümumiyyətlə, Aliment Fondu məsələlərində yanaşma müxtəlifdir. Yəni burda söhbət tənha analardan, yola gedə bilmədiyindən ayrılmış valideynlərdən və ya ailəsini atıb getmiş atalardan getmir. Bilirik ki, belə bir Fondun yaranması dövlət büdcəsi hesabına formalaşa bilər. Hazırda isə ölkədə mövcud olan gizli məşğulluq problemi mövcuddur. Yəni məhkəmə və ya Aliment Fondu atanın real gəlirlərininməbləğini tam dəqiqləşdirə bilmir. Təbii ki, bunu edə bilməyən dövlət ödədiyi maliyyənin sonra kimdən alınması problemi ilə üzləşir. Ancaq unutmayaq ki, bir çox inkişaf etmiş ölkələrdə atanın alimenti ilə yanaşı dövlət özü də belə uşaqlara əlavə maddi yardım göstərir. Bu məqsədlə yaxşı vəsait ayrılır. Azərbaycanda natamam ailələr, tənha analar alimentlə yanaşı sosial yardım da ala bilərlər. Uşaqların sayından asılı olaraq müavinət təyin etmək, ali məktəbi bitirib əmək fəaliyyətinə başlayana qədər bunu ödəmək olar. Belə olan halda aztəminatlı ailələrə əsl qayğıdan, onların maddi durumunun yaxşılaşdırılmasından danışmaq olar.

Tənha analara gəlincə, təbii ki,heç bir yerdə çalışmayan ana üçün, bu Fonddan verilən madiyyat nəfəslik ola bilər. Bu eyni zamanda, məişət zorakılığı, qadına şiddət, uşaqların uşaq evlərinə atılmasının qarşısını ala bilər.
Belə ki, bu gün Fond yoxdur, boşanmaların sayı artır, uşaqlar atılır və s. Yəni Fond olduqdan sonra kişilərdə yaranacaq arxayınlıq məsələsi heç nəyi dəyişmir. Çünki Fond olmadıqda da ödəmək istəməyən ödəmir. Nəticədə ziyan uşağa olur. Fond yarandıqdan sonra, övladına pul ödəmək istəməyən ata hər hansı bir məcburi işə cəlb olunaraq aldığı əməkhaqqının bir hissəsini Aliment Fonduna ödəyə bilər ki, bu da məsələnin qismən həllinə dəstək olar.

Bu gün böyüyən uşaqların vəziyyətini təhlil edən zaman, görünən mənzərə bu olur ki, oğurluq, narkomaniya, insan alveri,faişəlik və s kimi problemin qurbanı bir çox hallarda təminatsız, maddi sıxıntıda olan, normal təhsil almayan və ya arzulanmayan uşaqlar olur. Əgər biz deyiriksə ki, uşaqlar bizim gələcəyimizdir, demək ki, bu problemi zamanında həll etməliyik ki, ölkəmizdə böyüyən uşaqlar gələcəyin ziyanlı ünsürləri yox, faydalı vətəndaşı ola bilsinlər. Bu mənada, Azərbaycan kimi inkişaf etmiş ölkədə belə bir Fondun yaradılması zəruridir. Nəinki, Aliment Fondu, uşaq pulunun verilməsi belə öz həllini tapmalıdır.

Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.