“Ermənistan prezidentinin İtaliyada səfərdə olduğu zaman verdiyi bəyanatları və hazırkı mövqeyinin nədən ibarət olduğunu açıq şəkildə bəyan etməsi əslində öz ölkəsinin nüfuzu üçün atmış olduğu müsbət addımdır. Lakin bu ifadələr sözdə deyil,əməldə də həyata keçirilsə, daha effektiv olar”.
Bunu Editor.az-a politoloq Ramiz Alıyev Ermənistan prezidenti Vaaqn Xaçaturyanın İtaliyanın “La Repubblica” nəşrinə açıqlamasında “rəsmi İrəvan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tarix boyu qonşuluğundakı ölkələrə ərazi iddiası ilə çıxış edərək torpaqlarına göz dikib: “Bu da onun sərgilədiyi münasibətin mahiyyətini göstərir. Ermənistan hər zaman hakimiyyətdə kimin olmasından aslı olmayaraq qonşu ölkələrə ərazi iddiaları ilə çıxış edib. Rəsmi İrəvan bir çox qüvvənin əlaltısıdır. Ondan vasitə kimi istifadə edirlər “.
Politoloq Vaaqn Xaçaturyanın sözügedən açıqlamasının gülünc olduğunu vurğulayıb:
“O sıxışdırılmış dalandan canını qurtarmağa cəhd edir. Rəsmi İrəvanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Azərbaycanla müharibənin olmasını istisna etmədiyi haqqında açıqlama verib. Bu düşüncədə olan Ermənistanla qardaş ölkə Türkiyənin münasibətlərinin normallaşması mümkün deyil. Çünki Ermənistan ölkəmizə qarşı təxribatlar törətməkdə davam edir. Türkiyə ilə Azərbaycanın mövcud münasibətlərini nəzərə alsaq bu proses real görünmür.
Əgər nə vaxtsa rəsmi İrəvan bu iddialarından əl çəkib, yekun sülh müqaviləsini imzalamağa hazır olacaqsa müsbət dialoqa girmək mümkündür. Əks halda nə Azərbaycan, nə də Türkiyə bu istiqamətdə addım atmayacaq “.
//Safura Bənnayeva, Editor.az

