Bəzi tiktokerlər Türkiyədə baş vermiş dəhşətli zəlzələdən belə öz reklamları üçün istifadə edirlər. Bildirirlər ki, onların çağırışı ilə xalqımız Türkiyəyə dəstək olur. Pandemiya dönəmində, müharibə vaxtı və bəzi belə həssas məqamlarda xalqın iradəsini, müxtəlif məsələlərə olan münasibətini, konkret bu nümunədə qardaş ölkə kimi Türkiyəyə olan sevgini, hörməti eyni qandan olan azərbaycanlıların qardaşlarına olan dəstəyini özünü sosial media fenomeni adlandıran, mahiyyət etibarilə heç bir məzmun istehsal etməyən şəxslərin özlərini reklam vasitəsinə çevirməsi ciddi maraq doğurur.
Maraqlıdır, doğurdanmı xalqımız yardımları hansısa tiktokerlərin çağırışları ilə edir?
Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bəzi tiktoker, sosial şəbəkə fəalları və bloggerlər var ki, hansı hadisənin baş verməsindən aslı olmayaraq həmin dəqiqə özlərini reklam məqsədilə ortaya atırlar:
“ Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Azərbaycan və Türkiyəni tarixi dostluq-qardaşlıq münasibətləri birləşdirir.Hər zaman bu iki ölkə həmrəy olub. Atatürkün Azərbaycanın “sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri hələ ötən əsrdə səslənmişdir. Bu böyük qardaşlıq Vətən müharibəsi günlərində də bir daha bütün dünyaya nümayiş olundu. İndiki belə bir acılı kədərli günlərdə hansısa tiktokerin “mənim çağırışımla insanlar yardıma gəldi” şüarı boş populizm və vətənşüvənlikdən başqa birşey deyil”.
H. Heydərlinin sözlərinə görə, hər bir azərbaycanlının qəlbində Türkiyə sevgisi var:
“Azərbaycanın ən səmimi sevgilərindən biri Türkiyə sevgisidir. Azərbaycan xalqı hər zaman Türkiyənin yanında olub. Bu sevgi hansısa bir şəxsin çağırışı ilə yaranmayıb ki, dəstəyimiz də bu çağırışla olsun. Belə çağırışlar qınanmalıdır. Azərbaycanda kiçikdən tutmuş böyüyə, kasıbdan varlıya qədər hər kəs Türkiyə üçün birləşib. Bunlar sadəcə reytinq, izlənmə, baxış yığmaq üçün atılan addımlardır. Bunu Azərbaycan cəmiyyəti birmənalı şəkildə qınayır. Qeyri-ciddi insanların çağırışlarına inanmaq olmaz, biz sadəcə öz səmimi hislərimizlə öz qardaşlarımızın yanındayıq və olmalıyıq da. Belə addımlardan çəkinilməlidir. Sosial şəbəkələr çox böyük bir alətdir, hansısa paylaşım ciddi rezonans doğura bilər. Hətta Azərbaycanda da zəlzələ olacağı ilə bağlı yalan xəbərlər yayırlar. Belə paylaşımlar edən şəxslər məsuliyyət daşıyır, onların ifşa olunmasının zamanıdır”.
AzNews.az analitik-informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı Editor.az-a açıqlamasındaa bildirib ki, mütəxəssislərin fikrincə qardaş Türkiyədə baş verən zəlzələnin gücü birbir neçə atom bombasının dağıdıcı gücünə bərabər olub:
“Bu hadisə minlərlə insanın ölümünə səbəb oldu. İnsanlar günlərdir dağıntı altındadır, on minlərlə şəxs yaralanıb. Bu hadisə bütün türk xalqları, ümumilikdə isə bəşəriyyət üçün bir faciədir. Bəzi ictimai məsuliyyətdən uzaq şəxslər insanlıq dramından süni reytinq qazanmağa çalışırlar. Bu da haqlı olaraq cəmiyyətdə qıcıq yaradır. Mən də bu narazılığı bölüşür və hesab edirəm ki, insanların faciəsi üzərindən təbiətin yaratdığı fəlakətdən öz mənafeyinə görə istifadə etmək qəbuledilməzdir. İctimai qınaq bəzi özlərini sosial şəbəkə fenomeni adlandıran bu cür şəxslərə öz yerini göstərməlidir”.
//Gülnarə Abasova, Editor.az