AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında yeni mövsümdə I Divizionda çıxış edəcək klubların adları açıqlanıb.
Bunlar “İmişli, “Mingəçevir” və “Araz-Naxçıvan”dır. Maraqlıdır, hazırda Region Liqasında yarışan, daha əvvəl Divizionda iştirak edəcəyi bildirilən “Xan Lənkəran” sözügedən çempionata buraxılmadı.
Məsələ ilə bağlı Lənkəran təmsilçisinin direktoru Emin Təyyaroğlu ilə danışdıq. Klub rəsmisi Futbolpress.az saytına açıqlamasında AFFA-nın belə qərar verəcəyini gözləmədiklərini bildirdi:
“Gözləmədiyimiz qərar oldu. Vallah, nə deyim? Böyük işlər görmüşük. Komandamız Region Liqasında uğurlu çıxış edir. Bizim demək olar ki, hər yaş qrupu üzrə komandamız var. Yaxın zamanda qızlardan ibarət də komanda yaratmağı düşünürük. Bu istiqamətdə də işlərimiz yekunlaşmaq üzrədir.
Divizionda iştirak üçün Region Liqasında 3 il oynamaq tələb olunurdu. Biz də artıq bu müddəti tamamladıq. Nə üçün belə olduğunu başa düşmədim. Gözləmirdik belə qərar olsun”.
Təyyaroğlu yaxın zamanda AFFA ilə görüşəcəklərini də əlavə etdi:
“Bundan sonra klub rəhbərliyi ilə görüşüb, danışıqlar aparacağıq. AFFA ilə də görüşəcəyik, müzakirələrimiz olacaq. İndiki məqamda konkret bir şey demək olmur”.

