Xankəndi yolunun açılmasının sensasion səbəbi: Rus TIR-ları və əsgərləri Qarabağda bizə buna görə lazımdırbackend

Xankəndi yolunun açılmasının sensasion səbəbi: Rus TIR-ları və əsgərləri Qarabağda bizə buna görə lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam-Xankəndi yolu açıldı. Əslində, bu, prosesin başlanğıc nöqtəsindən tərpənişdir. 30 ildən çox müddətdə əsas hədəflərimizdən olan Xankəndi xəyalı gerçək olmağa doğru gedir. Biz bu xəyalı müharibə ilə, ordu və silahla yox, humanitar yüklə, necə deyərlər, çörəklə gerçəkləşdirdik.

Bütün təxribatlara, maneələrə rəğmən Azərbaycan öz siyasi iradəsini ortaya qoydu. Hədəfinə çatmaq üçün mövqeyindən geri dayanmadı.

İki-üç gün öncə feysbuk səhifəmdə belə status paylaşmışdım: “Azərbaycan Rusiya TIR-ları ilə erməni separatçıları əzib keçir”. Separatçıların timsalında beynəlxalq birliyin bəzi komponentlərinin də ədalətsizliyini növbəti dəfə məğlubiyyətə uğratdıq. Hər kəs gördü ki, Azərbaycan dövləti Qarabağda yaşayan erməni əhalini acından qırmır, onları blokadada saxlamır. ABŞ konqresmeni Kristofer Smit bu günlərdə demişdi ki, Qarabağda etnik ermənilərin ərzaq və dərmanlara çıxışının qarşısı alınıb və onlar “Azərbaycan hökuməti tərəfindən acından öldürülür”.

Qarabağ məsələsində Rusiyanın önəmi və rolu danılmazdır. Biz istəsək də, istəməsək də Rusiya hələ də Cənubi Qafqazda söz və nüfuz sahibidir. Azərbaycan Ağdam-Xankəndi yolunu Rusiyanın iştirakı ilə açdı. Vaxt var idi, ermənilər rus tankları ilə üstümüzə gəlirdi – torpaqlarımızı işğal edirdilər, insanlarımızı qətlə yetirirdilər.

Rəsmi Bakının zərgər dəqiqliyi ilə yürütdüyü siyasət bəhrəsini verməkdə davam edir. Rusiya TIR-ları ilə separatçıların, onların havadarlarının iradəsi üzərindən məharətlə keçib, bölgədə sülhün təminatçısı olduğumuzu hamıya təkrar isbatladıq.

Siyasət budur! Bir zamanlar tankla, topla, əsgərlə üstümüzə gələn Rusiyanı görün necə neytrallaşdırmışıq. Onu özümüzə işlədirik. Təbii, burda Kremlin çıxarları var. Putin haqda dəli-falan deyilir, boş söhbətlərdir bunlar. Kifayət qədər ağıllı siyasətçidir. Kasıb, perspektivsiz Ermənistanı müdafiə etməyin başını buraxıb, Türk dünyası ilə strateji əməkdaşlığa başlayıb. Bu mexanizmi işə salan açar ölkə isə Azərbaycandır. Qardaş Türkiyə ilə birləşib, son 3 ildə əsrə bədəl bir missiya icra etdi.

Çağırışlar olurdu ki, Rusiyaya savaş açaq, onunla əməkdaşlıqdan imtina edək. Yaxud deyilirdi ki, Rusiya sülhməramlı kontingentini Qarabağdan qovaq. Rusiya bizə hələ lazımdır. TIR-ları qədər Qarabağdakı əsgəri də lazımdır. Bunu anlamaq o qədərmi çətindir?!

Prezident İlham Əliyev Rusiya amilini hər zaman nəzərə alır. Ölkəsini, xalqını lazımsız yerə riskə məruz qoyub, Moskva ilə qarşıdurmaya getmir. Əksinə, Putinlə anlaşıb, böyük ittifaq quraraq Qarabağı işğaldan azad edir. Onun ən böyük uğurlarından biri budur!

Paraleldə İranla da münasibətlər normallaşır. Bu da Azərbaycanın üstün iradəsi ilə reallaşır. Heç bir dövlət bizimlə hədə və əmr dilində danışa bilmir. İran bunu etdi, cavabını artıqlaması ilə verdik. İndi barışmaq üçün qapımızda yatır…

Böyük proseslərə keçid üçün Qarabağ müharibəsinin başa çatması, sülhün imzalanması, bölgədə əmin-amanlığın olması vacibdir. Artıq ABŞ da kasıb, balaca və kaprizli Ermənistanın nazı ilə oynamaq istəmir. Bu haqda Qərb mediasında ciddi araşdırma yazıları dərc edilir.

Qarabağ münaqişəsinin davam etməsi üçün Rusiya, İran, Qərb birləşmişdi, indi tərs proses gedir – münaqişənin birdəfəlik həlli üçün beynəlxalq güclərin mövqeyi demək olar üst-üstə düşür.

Bu nəticə üçün son 20 ildə Azərbaycan dövləti ciddi işlər gördü. Görüləcək işlərimiz hələ qarşıdadır. Hər şey çox yaxşı olacaq…

Azər Ayxan
Globalinfo.az