Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq: ” Onun taleyi üçün heç bir şübhə, nigaranlıq yoxdur, olmamalıdır”backend

 Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq: ” Onun taleyi üçün heç bir şübhə, nigaranlıq yoxdur, olmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçən il bu gün Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin möhürü oldu. Beləliklə, Azərbaycan Ordusu sentyabrın 27- dən noyabrın 8- dək dəfələrlə olduğu kimi, bir daha nəyə qadir olduğunu sübut etdi. Biz gücümüzü təkcə düşmənə yox, bütün dünyaya göstərdik.
Şuşa özünün strateji əhəmiyyəti ilə seçilir. Hündürdə olması həmin ərazidən Qarabağın böyük bir hissəsinə nəzarət etməyə imkan verir. Elə buna görə də Şuşa Qarabağın açarı hesab olunur. Deyirlər ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi, jurnalist Kənan Novruzov deyib.

O, bildirib ki, şübhəsiz, Şuşanın azad olunması təkcə ermənilər üçün yox, uzun illər onlara havadarlıq etmiş ruslar üçün də gözlənilməz idi:

“Moskva buna inanmırdı. Hətta Şuşanın düşməndən “təmizlənməsi” Kreml üçün, bəlkə də, “soyuq duş” effekti oldu. Əgər ötən bir aydan çox müddət ərzində qismən sakit idisə və ya buna çalışırdısa, daha səssiz qala bilmədi. Bakıya raket atıldı. Bu, şimal qonşumuzun proseslərə açıq- aşkar müdaxiləsi ilə yanaşı, həm də onun ATƏT- in Minsk Qrupunun bir həmsədri olaraq fiaskoya uğraması demək idi. Çünki müharibənin taleyinin həll olunduğu bir vaxtda qalib tərəfə raketin atılması vasitəçiliyə uyğun gəlməyən addımdır”.

Siyasi analitikin sözlərinə görə Azərbaycana həm Qərbdən, həm də şimaldan təzyiqlər olurdu:

“Şuşa azad edildikdən sonra hərbi əməliyyatlara davam etsək, çox güman, həmin təzyiqlər daha da artacaqdı. Bu mənada dövlət rəhbərliyinin həmin zaman üçün ən doğru qərarı verdi. Noyabrda imzalanan üçtərəfli bəyanatla Ermənistanın məğlubiyyəti faktiki olaraq təsdiqləndi, regionda yeni reallıqların təməli qoyuldu.
İndi isə əsas hədəflərdən biri Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpasıdır. Xankəndinin hələlik işğal altında olması cəmiyyəti narahat edən məqamlardandır. Ancaq dövlət başçısı İlham Əliyevin dəfələrlə dediyi kimi, bizim üçün Qarabağ məsələsi artıq həll olunub. Bu isə o deməkdir ki, Xankəndi də Azərbaycandır. Eyni ilə Füzuli, Cəbrayıl, Ağdam, Şuşa…kimi. Biz elə, ya belə- diplomatik və ya hərbi yolla olmasından asılı olmayaraq Xankəndiyə də qayıdacağıq. Xankəndidə də mütləq Azərbaycan bayrağı dalğalanacaq. Ən ali səviyyədə Zəngəzur məsələsinin gündəmə gəlməsi onu deməyə əsas verir ki, Xankəndinin taleyi üçün heç bir şübhə, nigaranlıq yoxdur, olmamalıdır”.

//Gülnarə Abasova, Editor.az