Xankəndidə PARÇALANMA BÖYÜYÜR – Ermənilər Bakıya tərəf yol alırbackend

Xankəndidə PARÇALANMA BÖYÜYÜR – Ermənilər Bakıya tərəf yol alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın-Xankəndi yolunda azərbaycanlı aktivistlərin, ekofəalların, vətəndaş cəmiyyəti və QHT nümayəndələrinin, eləcə də könüllülərin iştirakı ilə keçirilən aksiya var gücü ilə davam edir. Bu gün artıq 38 gündür ki, aksiya iştirakçıları Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı qeyri-qanuni əməllərə görə öz haqlı tələblərindən əl çəkmirlər. Bu gedişlə heç çəkiləcək kimi də görünmür…

Azərbaycan etiraz aksiyası ilə istəyinə nail olmağı qarşıya məqsəd qoyub və qismən bu istəklərinin bəzilərinə nail olmağa başlayıb:

✔️ Artıq 38 gündür ki, Azərbaycan ərazisinə qeyri-qanuni heç nə daxil olmur.

✔️ 38 gündür ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdən Azərbaycan sərhəddindən keçərək Ermənistana Azərbaycana məxsus qızıl, filiz yataqları talan edilib daşınmır.

✔️ Xankəndidə separatçılar arasında parçalanma, ikiyə bölünmə, fikirlərin haçalanması prosesi başlayıb.

Ancaq bu sadalananlar son deyil. Rəsmi Bakı bu aksiyanın artıq başqa nəticələrini də görməyə başlayıb. Belə ki, Rusiya sülhməramlılarına məxsus yük maşınları ilə Xankəndidən Ermənistana və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri də Azərbaycan tərəfindən yoxlanılmağa başlayıb.

Necə ki, buna ötən gün şahid olduq. Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, dünən də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçiblər.

Axşam saatlarında sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb. Həmin avtomobillərdə 26 erməni əsilli insan olub ki, onlardan da 20-si uşaq imiş. Həmin şəxslərin Laçın-Xankəndi yolunda təşkil olunan aksiyadan əvvəl Ermənistana gedənlər olduğu bildirilir. Yayılan kadrlardan da görünür ki, azərbaycanlı fəallar içərisi ermənilərlə dolu olan həmin nəqliyyat vasitəsinə çox sivil qaydada baxış keçiriblər. Hətta ekofəallar arasında erməni uşaqlara içmək üçün meyvə şirəsi də təklif edənlər olub.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunmaqla yanaşı, aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir və Azərbaycan tərəfinin dinc, sivil ermənilərlə heç bir işi yoxdur. Azərbaycanın məqsədi onun legitim ərazilərində törədilən cinayət əməllərinin qarşısını almaq, qanunsuz addımlara “dur” demək və qızıl-filiz yataqlarındakı talana mane olmaq, eləcə də Laçın yolundan təyinatı üzrə istifadənin təmin edilməsidir.

Amma biz Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı dezinformasiyaların şahidiyik. Təbii ki, burada Bakı üçün təəccüblü heç nə yoxdur. Hətta Ermənistan tərəfinin bu dezinformasiyaları sürətləndirmək üçün Laçın yolundakı aksiyanın dağıdılması məqsədilə beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldıraraq təzyiq göastərməsi üçün 50 milyon dollar ayrımasından da hər şey aydındır.

Digər tərəfdən isə Xankəndidən gələn məlumatlar separatçılar arasında ciddi fikir ayrılığının olduğundan xəbər verir. Artıq Ermənistan mətbuatında da tirajlanır ki, böyük ümidlərlə Qarabağa göndərilən Ruben Vardanyan bu yaxın zamanda istefaya göndəriləcək. Digər məlumatlara görə isə qondarma qurumun “prezidenti” Araik Arutyunyanı və oradakı “parlamenti” istefaya göndərəcəklər. 

Sözsüz ki, bu məsələlər artıq ictimailəşməkdədirsə, demək ki, bu problemlərin arxasında çox ciddi çəkişmələr dayanır. Bu məlumat sızmaları qondarma rejim daxilindəki çəkişmələrin günü-gündən dərinləşəcəyini istisna etmir. Çünki Ruben Vardanyan Qarabağa ayaq basdığı ilk gündən bu yana etnik ermənilərin sosial durumunun yaxşılaşdırılması istiqamətində edəcəkləri ilə bağlı verdiyi vədlərin demək olar ki, heç birini yerinə yetirməməklə yanaşı, keçmiş separatçıları yeniləri ilə əvəzləmək məqsədilə başlatdığı proseslərə görə də işini cəncələ saldı.

Hazırda separatçı rejimin ayrı-ayrı təmsilçiləri arasında baş verən bu proseslər tamamilə Bakının arzuladığı şəkildə cərəyan edir. Çünki rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Ruben Vardanyanla oradakı etnik ermənilərin taleləri barədə hər hansı bir mövzu barədə danışıq aparmaq fikrində deyil.

Ancaq İrəvan ilə Xankəndidəki separatçılar arasında da ciddi narazılıqların olduğu açıq hiss olunur. Buna misal olaraq həm Nikol Paşinyanın, həm də parlamentin spikeri Alen Simonyanın “Laçın yolundakı hadisələrə Ermənistanın heç bir aidiyyatı yoxdur. Biz ümumiyyətlə bu danışıqlarda iştirak etmək fikrində deyilik” sözləri bir çox məqamlara aydınlıq gətirmək adına da olduqca mühüm məqamdır.

Ermənistan niyə yaxasını çəkir?

Rəsmi irəvan bu cür mövqe nümayiş etdirməklə güya ki, dünya ictimaiyyətində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdikləri, sülh üçün hazır olduqları təəssüratı yaratmaq istəyirlər. Amma əslində məqsəd tamamilə fərqlidir. İstər Paşinyan, istərsə də onun komandasının digər üzvləri bu cür bəyanatlarla Qarabağ ermənilərinin taleyinin onları maraqlandırmağını gizlədə bilmirlər. Necə ki, 30 illik işğal dövründə bu belə olub.

Əslində isə Ermənistan narahatdır ki, Laçın yolundakı aksiyaya görə Bakını açıq şəkildə küncə qısnamaq məqsədilə çıxartdıqları hər səsə görə Azərbaycanın daha böyük təzyiqi və faktlara əsaslanan arqumenti ilə üz-üzə qalacaq. Artıq bunu Azərbaycan Ermənistana Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə nümayiş etdirdi. Prezident İlham Əliyevin “mütləq tarixi dədə-baba torpaqlarımıza qayıdacağıq” bəyanatı görünür Erməbitanı əməlli-başlı silkələyib. Bu səbəbdən İrəvan son günlər Bakını qıcıqlandıracaq bəyanatlardan qaçmağa çalışır. Çünki Bakının tarixi faktlara əsaslanan bu arqumentləri Ermənistanın bu coğrafiyada bir dövlət kimi varlığının sual altına düşməsi ilə nəticələnə bilər.

Burada Ermənistanı narahat edən digər məqam eyni zamanda odur ki, onlar düşünürlər ki, Laçın yolundakı aksiyanın sona çatması, bu yoldan ermənilərin necə gəldi, kortəbii istifadəsi üçün Bakı qarşısında tələblər irəli sürülməsi rəsmi Bakının İrəvana eyni şəraitin Zəngəzur dəhlizində yarardılması tələbini irəli sürməsi və bu prosesi daha da sürətləndirmək adına Ermənistan qarşısında tələblərini daha da artıra bilər.

İrəvan ilə Moskva arasındakı çəkişmə də Xankəndidəki proseslərdə özünü açıq şəkildə göstərir. Vardanyan son açıqlamalarının birində açıq bildirdi ki, “Əgər Rusiya sülhməramlıları Qarabağda olmasa, demək haylar da burada olmayacaq”. Bu, dolayısı ilə o deməkdir ki, “mən əgər burada olmasam, buradakı hayların taleyi həll olunacaq. Çünki mən burada Rusiyanın təmsilçisi olaraq varam”.

Hər kəsə aydındır ki, Vardanyanın önü məhz Rusiya tərəfindən açılıb. Bu gün 44 günlük müharibədən sonra erməni diasporu daxilində Paşinyanla problemləri yaranmış qanad da Rubeni dəstəkləyir ki, bu vəziyyətdə hadisələrin mümkün ilkin ssenarisi barədə ehtimallar irəli sürmək olur. Paşinyana qarşı Vardayan ətrafında toplaşan koalisiya vasitəsi ilə əslində Rusiya son zamanlar açıq şəkildə Qərbə inteqrasiya, Rusiya hərbi bazasının Ermənistan üçün təhlükə olduğunu bəya edən rəsmi İrəvana yeni təzyiq metodu ola bilər.

Belə ki, Moskva Xankəndidən İrəvanın siyasətində müdaxilə edərək Paşinyana bəzi mesajla verməyə çalışır. Bununla Rusiya Ermənistanın hazırki iqtidarına başa salmağa çalışır ki, Qarabağda separatçı-terrorçu rejimin ləğvi reallaşarsa, Ermənistan siyasətinə transformasiya edərək, Paşinyana ciddi rəqib olacaq. Böyük ehtimalla Paşinyan da Moskvanın bu mesajını aldığı üçün məhz Araikdən Rubenin tutduğu “postdan” uzaqlaşdırılmasıü üçün tapşırıqlar verib.

İstənilən halda Azərbaycanın düşmənlərinin indiki məqamda başlarının özlərinə bu qədər qarışması Bakının Qarabağın dağlıq hissəsindəki dominantlığını humanitar üsullarla artırmaq, yerli etnik ermənilər arasında Azərbaycana qarşı rəğbət qazanmaq adına çox önəmlidir. Bu, erməni əhaliyə qondarma rejimin onları girov saxladığını anlamaq baxımından olduqca önəmli ola bilər ki, nəticədə Azərbaycana reinteqrasiya proseslərinin sürətlənməsində önəmli detala çevrilə bilər.


Milli.Az