“Türkiyə və Azərbaycanın Laçında birgə hərbi təlimi və Türkiyə, Pakistan və Azərbaycan qüvvələrinin təlimləri bəzi dövlətlər üçün narahatlıq yaradır. İran tərəfi Ermənistana Gorus-Qafan magistralı vasitəsilə yüklər daşımaqda davam edir. Azərbaycan tərəfi İrana bu barədə nota vermişdi, İran buna baxmayaraq yükdaşımaları dayandırmadı”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elman Vəliyev deyib.

O, bildirib ki, İranla Ermənistan arasındakı əlaqələr “İkinci Qarabağ” müharibəsindən sonra bir xeyli məhdudlaşıb:
“Azərbaycan tərəfi Gorus-Qafan yolunda başlanğıc olaraq nəzarət postları təşkil edib. Bu marşrut xətti tam nəzarətə götürülsə, Ermənistan 3 tərəfdən blokadada qalacaq. Azərbaycan tərəfi də bunu etməklə çalışır ki, Ermənistan vəziyyəti tez anlaya bilsin və sülhə yaxın gəlsin. Ermənistanın belə bir situasiyada alternativləri məhduddur. Özü də yaxşı başa düşür ki, kompromisə getmək ən əlverişli yoldur. Digər çıxış yolları tapmaq (hədə-qorxu gəlməklə, digər dövlətlərdən yardım istəməklə) alınmazsa, razılaşmaqdan başqa əlac yoxdur. Ermənistan ehtiyatı da əldən vermək istəmir. Fikirləşir ki, açıq şəkildə Azərbaycanın dediklərini yerinə yetirsə, yenə xalqla hakimiyyət arasında ixtilaf düşəcək. Amma buna baxmayaraq üçtərəfli bəyanatın icrası yerinə yetiriləcək. Ermənistan tərəfi anklavları məcbur geri qaytaracaq”.
Siyasi analitikin sözlərinə görə, İranın bu tip propaqandalı siyasətinə qarşı mütləq şəkildə adekvat cavablar veriləcək:
“Çünki bu gələcəkdə İranın özbaşınalıqlarına səbəb ola bilər. İlk öncə yenə də nota verilməli, sonra İran səfirliyi xarici işlər nazirliyinə çağırılmalıdır. İran tərəfi fikirləşməlidir ki, bu məsələdə itirən tərəf özü olacaq. Artıq Ermənistan heç kimə lazım deyil. İran Azərbaycanla münasibətləri korladıqca İsrail Azərbaycana daha da yaxınlaşacaq. Zənn edirəm ki, İran bunun fərqindədir. İran tərəfinin bu məsələ ilə bağlı yanlış anlaşma olub, bizim məqsədimiz ticarətdir, və digər tipli açıqlamalar verə bilər. Digər bir məqam isə, İranın bu yük maşınlarının sürücülərinin cənub soydaşlarımızdan təşkil etməsidir. Bunu etməklə iki tərəf arasına nifaq toxumları səpir. Yəni şimaldakılar baxsınlar ki, cənubdakılar ermənilərə dəstək olurlar. Halbuki Azərbaycan müharibədə qələbə qazananda Araz boyu yerlərdə soydaşlarımız da bu sevinci bizimlə bölüşdülər”.
E. Vəliyev qeyd edib ki, Xankəndidə insanlara pasport verilməsi ilə bağlı narahatlıqlar yaranıb:
“Ermənistan tərəfi Xankəndini “Artsax” adlandırdıqları qondarma respublikanın tərkibində sayırlar. Rəsmən isə bu respublika mövcud deyil. Rəsmi olaraq mövcud olmayan bir respublikanın pasportunu da sakinlərə vermək düzgün sayılmaz. Xankəndi də Azərbaycan ərazisi olduğu üçün Ermənistan pasportu da vermək olmur. Əvvəllər pasportlarına Ermənistan vətəndaşı yazılırdı. Yaşadığı yeri də Ermənistan ərazisi kimi göstərirdilər. Bunların xəyallarından keçən o idi ki, qondarma respublika rəsmi şəkildə tanınsın və burdakıların pasportlarına “Artsax” vətəndaşı yazılsın. Amma bu elə xülya olaraq da qaldı. İkinci Qarabağ savaşından sonra vəziyyət tamamilə dəyişib. Artıq zaman keçdikcə həmin ərazilərdə yaşayan sakinlərin pasportuna Azərbaycan vətəndaşı yazılacaq.
Hal-hazırda tərəflər arasında sülh sazişi olmadığından bölgədə müvəqqəti rus sülhməramlıları yerləşib”.
Siyasi analitik onu da əlavə edib ki, sülhməramlıların sabiq komandiri Rüstəm Muradov vəzifəsini yekunlaşdıran zaman çıxışında dedi ki, sülhməramlıların üç tərəfli bəyanata əsasən 5 ildən sonra qalma müddəti uzadılacaq:
“Sülhməramlılar öz missiyalarını düzgün yerinə yetirmirlər. Sülhməramlılar olmasa, tərəflər arasında konflikt dayanmayacaq deyə bir tendensiya reallığa sığmır. Sülhməramlıların bölgəyə gəlməsində məqsəd münaqişə tərəfləri arasında sülhü qorumaqdır, yoxsa bölgədə möhkəmlənməkdir? əlbəttə ki, sülhü qorumaqdır. Qarabağ Gürcüstan, Moldova, Ukrayna deyil!”.
//Gülnarə Abasova, Editor.az

