Xankəndindəki ermənilərin köhnəlmiş “dəstəyi” susmaq bilmirbackend

Xankəndindəki ermənilərin köhnəlmiş “dəstəyi” susmaq bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vicdan şəffaf, pak olmalı,

İnsan pula düşkün düşüb kölə qalmamalı,

Şərəfini kimlərinsə istəyinə satmamalı,

Budur əsl həyat, belə də qalmalı”.

… Bu sətirlər “Tempelokalokayro” adlı şeirlər kitabındandır. Kitabın müəllifi kiprli yunan, 69 yaşlı Eleni Teoharusa məxsusdur.

O, əvvəllər şair, cərrah, yazar, publisist olub, sonra siyasətə atılıb.

Məhz “atılıb”, çünki Kiprin paytaxtı Limasolun Amiantos səmtində doğulmuş bu qadın siyasətçi olmazdan əvvəl sürəkli olaraq “siyasət çirkab gölüdür” yazırdı.

Amma cərrahlıqdan və şairlikdən siyasətə keçəndən sonra dedikləri ilə yazdıqlarını unudub.

Şərəfi, ləyaqəti və qüruru unutduğu kimi.

İkinci Qarabağ Müharibəsinədək Xankəndinə dəfələrlə səfər edən və erməni separatçılara, Azərbaycan ərazisində formalaşdırılmış terrorçu dəstəyə hər formada dəstək vəd edən E. Teoharus özünü “müstəqil və iradəli siyasətçi” kimi təqdim etsə də, reallıqlar fərqli, faktlar başqadır.

O, Yunanıstanla Kiprdəki erməni diaspor təşkilatlarının maliyyə asılılığında olan, həmin strukturlarda “siyasi fəaliyyətə lobbinq dəstəyi” və “siyasi məqsədli ianələr” qismində böyük məbləğdə vəsait almış siyasətçilərdən biridir.

2019-cu ilədək Avropa Parlamentinin üzvü olmuş bu şəxs Avropanın ikipalatalı qanunverici orqanından Ermənistanla dünya erməniliyinin tələblərinin səsləndirilməsi, İrəvanın az qala bütün sahələrdə, istiqamətlərdə və müstəvilərdə dəstəklənməsi üçün istifadə etmişdi.

O, indi də öz ampluasındadır.

Belə ki, E.Teoharus sosial şəbəkədəki profillərində yazıb: “Yunanların Mehmana kəndindən qovulması barədə deyilənlər Azərbaycanın propaqandasıdır. Qarabağdakı ermənilər olublar, varlar və olacaqlar. Orada hər tərəf çiyələk qoxuyur! Yaxşı ki, Stepanakerti Əliyevin qəzəbindən xilas etdilər!”

69 yaşlı kiprli siyasətçinin bu sözləri ifrat qərəz olmaqla yanaşı, əsl siyasi idiotizm nümunəsidir.

Kəlbəcər rayonundakı Mehmana kəndində Çar Rusiyası dövründə Pont yunanları yaşadığından həmin yaşayış məntəqəsini “Qreklər” də adlandırırdılar. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı “meyməna” sözündəndir. “Meyməna” və ya “barangar” Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi.

Mehmanadakı yunanları didərgin salan, onlara divan tutanlar da ermənilər olub. Bununla bağlı həm Çar Rusiyasının Qafqaz Canişinliyinin arxivlərində sənədlər var, həm də elə erməni yazıçıları və tarixçilərinin əsərlərində olay dəfələrlə əks olunub.

Teoharusun hələ də inadla “Stepanakert” adlandırdığı Xankəndinin “qəzəbdən xilas olmağı”na gəldikdə isə, hazırda Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərin Şərqi Zəngəzurdakı müvafiq dövlət qurumlarının idarəçiliyinə keçəcəyi günə çox qalmayıb.

Həmin gün yerli erməni icmasının onillərdən bəri terrorçuların, separatçıların və ən əsası, bu zavallıların taleyini siyasi dividentlər əldə etmək vasitəsinə çevirmiş erməni diasporu ilə Ermənistan siyasətindən qurtuluş zamanı olacaq.

Ermənilər məhz həmin gün yaşam ümidsizliyindən, perspektivsizlikdən, terrordan və separatizmin sürəkli qəzəbindən xilas olacaqlar.

Xankəndinə və erməni işğalı dönəmində Bakının nəzarətindən çıxmış digər ərazilərlə dəfələrlə qanunsuz səfərlər etdiyi üçün adı Azərbaycan XİN tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınmış E.Teoharus 44 günlük Müharibədən sonra Bakının bölgədə formalaşdırdığı yeni geosiyasi reallıqları anlamır. Anlasa da, qəbul etmək istəmir.

Kipr parlamentinin Nümayəndələr Palatasında 8 il “çalışandan” sonra E.Teoharus 2009-cu ildə avropa Parlamentinə seçilmişdi. O, ilk əvvəl Avropa Xalq Partiyasının siyasi qrupunun üzvü olsa da, 2016-cı ildəki parlament seçkilərindən sonra Kiprdəki ifrat millətçi DİSİ Partiyasının sıralarını tərk edərək özünə “Həmrəylik Hərəkatı” adlı şovinist-millətçi partiya yaratmışdı.

İndi də “Kipr Respublikasını xilas edək!” şüarını istismar edən E.Teoharus kiçik ada dövlətin üzləşdiyi iqtisadi böhran, işsizlik, kriminogen vəziyyətin pisləşməsi və s. kimi ağır problemləri görməzdən gəlir, bütün fəaliyyətini Ermənistanın dəstəklənməsinə və Türkiyə ilə Azərbaycana qarşı düşmən mövqe tutmağa yönəldir.

Sadəcə, bir fakt: Avropa Parlamentinə üzv olduğu illərdə E.Teoharusun mövcud prosedur çərçivəsində Avropa Komissiyasına ünvanladığı 45 yazılı sorğunun 41-i (!) Türkiyə və Azərbaycana qarşı olub.

Onillər boyu Ermənistanın və erməni lobbisinin yararlandığı, hətta tam istifadə etdiyi fiqurlardan olmuş qoca Eleni Teorhaus hələ də hayizmin marionetidir. O, Avropa Parlamentini üç il əvvəl tərk etsə də, alışdığı maliyyə “dəstəyi”nin azalması ilə barışmaq məcburiyyətində qalmağına rəğmən, ermənilərin pullarından tam məhrum olmaq istəmir.

Erməni separatizmini indi mediada və sosial şəbəkələrdə dəstəkləyərək legitimləşdirməyə çalışan, Ermənistanın aqressiv ritorikasına haqq qazandıran sabiq siyasətçi və keçmiş deputat sanki absurd teatrının aktrisasıdır.

Azərbaycanın ərazi bütünlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyən, İkinci Qarabağ Müharibəsinin qaçılmaz proses olduğunu anlayışla qarşılayan və hazırda qarabağlı ermənilərin bütün tələblərinin yalnız Azərbaycan daxilində həll edilə biləcəyini vurğulayan Avropa İttifaqının rəsmi mövqeyindən fərqli olaraq E. Teoharus yenə irrasional, sərsəm çağırışlarını davam etdirir.

O, Kipr parlamentinin sabiq üzvləri, “silahdaşları” Yorges Perdikis və Mikais Giorqalasla birlikdə erməni separatçılarının mövqelərini dəstəkləməkdədir.

Bu ahıl xanım nədənsə unudur ki, Şimali Kipr Türk Cumhuriyyəti adlı məkan mövcuddur. Kipr adasının şimalında olan və dövlət müstəqilliyi tanınmasa da, dünyanın çox dövləti ilə ikitərəfli əlaqələri olan Şimali Kiprlə rəsmi Bakının heç bir diplomatik, siyasi, iqtisadi münasibətləri yoxdur.

Lakin Teoharus kimi ermənidən artıq erməni olmağa çalışan yunan deputatlar provokativ fəaliyyətlərini səngitməsələr, rəsmi Afina da Ermənistanla yanaşı, Xankəndindəki separatçı rejimə verdiyi “siyasi dəstəyi” dayandırmasa, Şimali Kiprlə intensiv təmaslara start verilməsində Bakıya kimsə maneə yarada bilməz.

… Eleni Teoharusun mövqelərində ciddi dəyişiklik olacağına ümid azdır. Daha doğrusu, yoxdur. Hələ uzaq 1990-cı illərdə, cərrah olduğu dönəmlərdə erməni diasporunun təsiri altına düşən E.Teoharus Xankəndinə ilk səfərinə yollanmış, “uğurlu cərrahiyyə əməliyyatlarına görə” separatçıların “Dağlıq Qarabağın Qızıl Şərəf Medalı”na layiq görülmüşdü.

Görünür, qızıl suyuna çəkilmiş həmin kiçik dəmir parçası və ermənilərin verdikləri pullar cərrah Teoharusun tibbi karyerasına son qoyaraq siyasətə “atılması”na əlavə impuls vermişdi.

İmpulsu gücləndirən məqam erməni diasporunun ən zəngin və ən radikal fiqurlarından biri Karam Karampetyanın “maliyyə dəstəyi” də olmuşdu.

Məhz həmin dövrdə E.Teoharus Hippokrat andını və peşəkar etikanı unudaraq ermənilərə “humanitar xidmətlər”ini təklif etmiş, erməni işğalındakı Azərbaycan ərazilərinin viran qoyulmasına, minlərlə dinc azərbaycanlının vəhşicəsinə qətlə yetiriməsinə, xalqımızın məruz qaldığı əzablara və itkilərə göz yummuşdu.

“Medecins du Monde – Cyprus” təşkilatının fəxri rəhbərinin gerçəkləri çox gec də olsa, anlayacağına ümid edirik.

Ümid çox az olsa belə…


Milli.Az