“Xankəndindən qaçan ermənilərin qarşısını yalnız Azərbaycan ala bilər”- Politoloqbackend

“Xankəndindən qaçan ermənilərin qarşısını yalnız Azərbaycan ala bilər”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan əhalisinin, hakimiyyətinin Qarabağdakı erməni vətəndaşları ilə münasibətində üçüncü qüvvənin müdaxiləsi artıqdır. Çünki orada müvəqqəti yerləşdirilən “sülhməramlılar” vasitəçi adı altında Azərbaycan barəsində erməni icmasında xoş olmayan təəssüratlar yaradırlar. Onlar ermənilərə özlərini onların himayədarları, Azərbaycanı isə onlara düşmən kimi təqdim edirlər. Sülhməramlıların bu cür davranışları erməni sakinlərinin Azərbaycana inteqrasiya olunmasına mane olur. Beləliklə, Qarabağ və ətraf ərazilərdə yaşayan ermənilər Rusiya və Ermənistanın Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti nəticəsində artıq bölgəni tərk edirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında  Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib.

 

O, bildirib ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində də qeyd etdiyi kimi Xankəndində 25 minə qədər erməni yaşayır:

“Xankəndində yaşayan ermənilər 25 mindən çox deyil. Qalan əhali sadəcə gəlib-gedirlər. Bunun əsas səbəbi də vasitəçilərin Azərbaycanla bağlı yaratdığı xofdur. Qarabağda demək olar ki, hər gün silahlı birləşmələr silahlı təxribat törədir. Həmin ərazilər sülhməramlıların nəzarətindədir və onlar bu ərazilərdə baş verən bütün silahlı insidentlərlə bağlı cavab verməlidirlər. İndi kim deyə bilər ki, Qarabağda açılan atəşin arxasında elə sülhməramlılar dayanmır?”.

Politoloqun sözlərinə Xankəndindən qaçan ermənilərin qarşısını yalnız Azərbaycan ala bilər:

“Çünki orada yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxmalıdır. Rusiya da, Ermənistan da Qarabağda yaşayan ermənilərdən yalnız Azərbaycan dövlətinə qarşı vasitə kimi istifadə edəcək. Rusiya orada yaşayan ermənilərdə azərbaycanlılara qarşı xof yaradaraq onlara daha çox yaxınlaşmaq və göstərmək istəyir ki, ermənilərin yeganə çıxış yolu Rusiyadır”.

Politoloq qeyd edib ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına və Ermənistana xəbərdarlıq edib. Sülhməramlılara müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymaqları tələb edilib:

“Əgər sülhməramlılar mandatına uyğun olmayan davranışlarını davam etdirərlərsə, bu xəbərdarlıqların sayı artacaq. Dünyanın bir çox münaqişə yerlərində sülhməramlılar fəaliyyət göstərir. Lakin onların ayaqları dəyən heç yerdə münaqişə həll olunmur”.

//Gülnarə Abasova, Editor.az