“Xankəndinin mərkəzinin “Zəfər meydanı” adlandırılması tarixi ədalətin bərpasıdır”backend

“Xankəndinin mərkəzinin “Zəfər meydanı” adlandırılması tarixi ədalətin bərpasıdır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Xankəndidə bayram tonqalı yandırması bütün dünya azərbaycanlılarını qürurlandırdı. Biz 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində Müzəffər Ali baş Komandan tərəfindən bayram tonqalı qalananda da eyni hissləri yaşamışıq. Dövlət başçımız Zəfər Meydanından vacib mesajlar verdi. Bir daha xatırlatdı ki, ötən il həyata keçirilən antiterror tədbirləri məhz Ermənistanın ikinci Qarabağ müharibəsindən dərs çıxarmamasının nəticəsi idi. Cənab Prezidentin də bəyan etdiyi kimi, əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistanın qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyi sona qədər davam edə bilməzdi. Ona görə də Azərbaycan beynəlxalq hüququ əsas tutaraq öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, dövlət başçımız işğalın uzun müddət davam etməsinə də diqqət çəkdi:

“Bildirdi ki, bir çox paytaxtlardan “bu münaqişənin hərbi həlli yoxdur” məzmunlu cəfəng siqnallara rəğmən biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Məlumdur ki, Minsk Qrupu həmsədrləri başda olmaqla beynəlxalq ictimaiyyət Cənubi Qafqazda “status-kvo” vəziyyətinin dondurulmasına can atırdı. Amma Azərbaycan regionda separatizmin kökünü kəsməklə bağlı mövqeyində israrlı idi. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur.

Müzəffər ali baş komandan demək olar, bütün çıxışlarında böyük qələbimizdə gənclərin rolunu xüsusi vurğulayır. Bu da səbəbsiz deyil. Çünki gənclərin milli ruhda yetişməsi dövlətçilik ənənələrinin qorunmasında əsas faktorlardan biridir. Azərbaycan bu mənada yüksək səviyyədə nümunə sərgiləməkdədidr. Xankəndinin mərkəzinə – vaxtı ilə xalqımıza qarşı çirkin planların hazırlandığı meydana “Zəfər meydanı” adının verilməsi isə tarixi ədalətin bərpasdır. Xankəndinin hər qarışı Azərbaycan və azərbaycanlılarla bağlıdır. Cənab Prezident hətta bu şəhərdəki bütün tarixi binaların azərbaycanlı memarlarının adını da çəkdi. Bu, tarixdir. Ermənistan tərəfindən bu illər ərzində saxtalaşdırmaq cəhdləri olsa da, fakt faktlığında qalır.

Dövlət başçımızın çıxışında işğala və separatizmə xaricdən dəstək verən qərəzli dairələrə xəbərdarlıq da var idi. Belə ki, Müzəffər ali baş komandanın da söylədiyi kimi, bu məsələdə ermənilərə bu gün də dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər. Xaricdən destruktiv təsirlərin müəllifləri də dərk edir ki, bu cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki bölgənin qalibi və söz sahibi Azərbaycandır”.

//Gülnarə Abasova, Editor.az