Xankəndiyə daxil olan yük maşınlarında nə daşınır?-“Humanitar yardım”, yoxsa yeni texnikalar…- ŞƏRHbackend

Xankəndiyə daxil olan yük maşınlarında nə daşınır?-“Humanitar yardım”, yoxsa yeni texnikalar…- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın-Xankəndi yolunda aksiyaların 35-ci günündə 33 avtomobil maneəsiz hərəkət edib. Orada yaşayan əhalinin sayını nəzərə alsaq hər dəfə bu qədər çox “humanitar yardımın” daşınması inandırıcı görünmür. Hərbi maşınlarla humanitar xidmət göstərdiyi deyilən sülhməramlıların hər gün yoxlanışdan keçmədən, maneəsiz və rahat şəkildə Ermənistana və əksinə səfəri bir sıra suallar yaradır.

Maraqlıdır ki, buraya “humanitar yardım” adı altında nə daşınır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Anar Əliyev bildirib ki, Şuşa-Xankəndi yolunda ekoaktivistlərin Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına qarşı keçirilən etiraz aksiyası artıq bir aydan çoxdur ki, davam edir:

“Bu müddət ərzində müxtəlif vasitələrdən istifadə etməklə erməni separatçıları, rəsmiləri və havadarları Azərbaycanın humanitar böhran yaratmağa çalışdığını və buna nail olduğunu informasiya müharibəsinin əsas elementinə çevirməklə ölkəmizə qarşı ciddi kampanya keçirməyə çalışırlar. Amma göründüyü kimi heç bir nəticə əldə olunmadı.Qarabağda separatçı qüvvələrin nəzarəti altında olan qanunsuz biznes fəaliyyəti dayandırılmaq məcburiyyətində qaldı. Amma çox təəssüf ki, Laçın yolundan qeyri-humanitar məqsədlərlə istifadə olunması halları sülhməramlıların alət edilməsi ilə reallaşır”.

Politoloq qeyd edir ki, dəfələlər etiraz aksiyaları keçirilən yerdən rus sülhməramlılarına məxsus yük maşınlarının keçdiyini müşahidə etmişik:

“Həmişə də bu dinc əhaliyə humanitar yardımın daşınması ilə əlaqələndirilir.Tam dəqiqləşdirilmiş məlumatlara görə,  sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə təxminən 20 min dinc sakin yaşayır. Həmin rəqəmi nəzərə alsaq bu qədər yüklərin humanitar məqsədlə daşınması inandırıcı görünmür. Bu, artıq yeni sualların yaranmasına gətirib çıxardır. Bu maşınlarla nələr daşınır? Azərbaycanlı ekofəalların  aksiyası separatçı qüvvələri sülhməramlı qüvvələrlə birlik olub əraziyə əlavə silahların daşınmasına səbəb olur. Sülhməramlılar da öz vəzifələrinə zidd olaraq həmin oyunlarda maraqlı olduqlarını göstərirlər. Yük maşınlarının bu qədər çox olması deyilənləri əsaslandırmış olur”.

A.Əliyev onu da qeyd edir ki, Azərbaycan həmin yol üzərində müəyyən yüngül texnikalardan istifadə etməklə daşınan yüklərin yoxlanışını həyata keçirən nəzarət mexanizmi formalaşdırmalıdır: “Yaxın günlərdə bu istiqamətdə ciddi addımlar atıla bilər. Əgər nəzarət tədbiri görülərsə, orada qaranlıq yüklərin olduğu da ortaya çıxacaqdır. Bu amil bütün dünyaya bəyan edəcək ki, bölgənin sahibi Azərbaycandır. Qarabağda bütün proseslər ölkəmizin nəzarəti altında olmalıdır və olacaqdır”.

//Safura Bənnayeva, Editor.az