“Xarici diplomların Azərbaycanda tanınmaması problemi təhsil və əmək bazarının kəsişmə nöqtəsində ciddi problemlərdən biri kimi qarşımıza çıxır. Bu problem, əsasən, tədrisin keyfiyyət standartları, tələbələrin təhsil müddətində həmin ölkədə fiziki iştirak etməməsi və ya universitetlərin akkreditasiyasının olmaması ilə bağlı yaranır. Məsələyə daha dərindən baxdıqda, hər il minlərlə gəncin xarici ölkələrdə təhsil almaq məqsədilə universitetlərə müraciət etdiyini görürük. Təkcə 2023-cü ildə 45.000-dən çox Azərbaycanlı tələbə xaricdə təhsil alıb. Lakin bu tələbələrin böyük bir hissəsi ölkəyə qayıtdıqda diplomlarının tanınması ilə bağlı ciddi çətinliklərlə üzləşirlər”.
Bunu Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin açıqlamasına əsasən, xarici diplomların tanınmaması halları, əsasən, iki səbəbdən qaynaqlanır:
“Birincisi, tələbələrin təhsil müddətində həmin ölkədə fiziki iştirak etməməsi; ikincisi isə universitetin rəsmi akkreditasiya statusunun olmamasıdır. Azərbaycan qanunvericiliyinə görə, xaricdə əyani təhsil alan tələbələr həmin ölkədə minimum 90 gün, qiyabi təhsil alanlar isə 15 gün fiziki iştirak etməlidirlər. Bu tələb tədris prosesində real iştirakın təmin olunması və diplomun keyfiyyət göstəricisi kimi qiymətləndirilir.
Məsələnin digər mühüm tərəfi xarici universitetlərin akkreditasiya məsələsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı qərarına əsasən, yalnız beynəlxalq və ya yerli akkreditasiya orqanları tərəfindən təsdiqlənmiş universitetlərin diplomları tanına bilər. Təəssüf ki, bəzən tələbələr qeyri-standart və ya kommersiya məqsədli yaradılmış universitetlərdə təhsil alırlar ki, bu da onların diplomlarının tanınmamasına səbəb olur. Belə təhsil müəssisələri əsasən aşağı reytinqli və ya tam akkreditasiyasız universitetlərdir və beynəlxalq səviyyədə də tanınmır”.
Onun sözlərinə görə, xarici diplomların tanınmaması problemi həm tələbələr, həm də ölkə üçün bir sıra mənfi nəticələr doğurur:
“İlk növbədə, gənclərin iş bazarına inteqrasiyası çətinləşir, çünki bir çox işəgötürən yalnız rəsmi olaraq tanınmış diplomları qəbul edir. Bu vəziyyət, eyni zamanda, tələbələrin vaxt və maliyyə baxımından sərf etdikləri resursların effektivliyini azaldır. Statistik göstəricilərə görə, xaricdə təhsil alan tələbələrin təxminən 30%-i diplomlarının tanınmaması problemi ilə üzləşir, bu isə onların əmək bazarında rəqabət qabiliyyətinə mənfi təsir edir.
Lakin bu problemin həllinə dair dünya təcrübəsinə nəzər saldıqda, müəyyən irəliləyişlərin mümkün olduğunu görürük. Məsələn, Avropa ölkələrində “Diploma Supplement” (Diplom Əlavəsi) sistemi geniş istifadə olunur. Bu sistem vasitəsilə tələbənin aldığı təhsilin məzmunu və keyfiyyəti beynəlxalq standartlara uyğun şəkildə sənədləşdirilir. Eyni zamanda, ABŞ-da xarici diplomların tanınması xüsusi sertifikatlaşdırma agentlikləri tərəfindən həyata keçirilir və bu prosesdə universitetlərin beynəlxalq reytinqi əsas götürülür. Türkiyədə isə YÖK (Yükseköğretim Kurulu) diplomların tanınması prosesini mərkəzləşdirilmiş şəkildə idarə edir və konkret qaydalar müəyyən edir”.
K. Əsədovun sözlərinə görə, Azərbaycanda xarici diplomların tanınması proseduru daha şəffaf və əlçatan olmalıdır:
“Bu məqsədlə rəqəmsal platformaların yaradılması, diplomların tanınması prosesində tələbələrin iştirak etdiyi dərslərin sayının təsdiqi üçün elektron sistemlərin tətbiqi vacibdir. Eyni zamanda, xarici universitetlərdə təhsil almağı planlaşdıran tələbələrin həmin təhsil müəssisəsinin akkreditasiyasını və beynəlxalq statusunu əvvəlcədən yoxlaması üçün geniş məlumatlandırma kampaniyaları təşkil olunmalıdır.
Xarici diplomların tanınmaması ilə bağlı məsələnin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də vardır. Bu proses təhsilin keyfiyyətinə nəzarəti təmin edir və ölkəyə qeyri-standart diplomların daxil olmasının qarşısını alır. Lakin bu nəzarət mexanizminin daha çevik və effektiv olması, tələbələrin iş imkanlarını genişləndirmək və onların əldə etdiyi bilikləri ölkəmizin inkişafına yönəltmək üçün vacibdir. Təhsilin beynəlmiləlləşməsi dövründə gənclərin xaricdə qazandığı biliklər Azərbaycanın iqtisadiyyatına və sosial inkişafına mühüm töhfə verə bilər, amma bu yalnız diplomların tanınması məsələsinin daha effektiv həll olunması ilə mümkündür”.
//Gülnarə Abasova, Editor.az