“Rusiyadakı prosesləri izləyən hər kəs bilir ki, Jirinovski bəyənatları boş – boşuna vermir. Liberal partiya hakimiyyətin MDB dövlətlərinə olan təzyiqində və ismarıclarında əsas rolu oynayır”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, DİA-nin baş müəllimi, politoloq Zaur Məmmədov deyib..
O, bildirib ki, siyasi təlxək rolunu daşıyan Jirinovski sülhməramlılar məsələsinə toxunaraq “müvəqqəti sülhməramlılar” dediyimiz rus əsgərlərinin bölgədə Moskvanın istədiyi qədər qalacağına eyham vurur:
“Gürcüstanda 2008- ci ildə baş verənlər, bu mövzuda çağırışlara birazdan start veriləcəyindən xəbər verir. Hələ ki, Rusiyada hakimiyyətdə Putindir və onun Azərbaycana,Türkiyəyə olan münasibəti tarixən bu ölkənin ənənəvi siyasətçilərindən fərqlənir. Lakin, vəziyyət dəyişəndə avrasiyaçılıqdan uzaqlaşacaq siyasi hakimiyyətin və generalların Qarabağ, ümumillikdə isə, Cənubi Qafqazla bağlı hansı yolu tutacaqları hər kəsə məlumdur. Son zamanlar baş verənlər bir daha göstərdi ki, hər dəfə rəqibləri ilə geosiyasi mübarizədə məğlubiyyət astanasında olan Rusiya ən son variant kimi – güc resursundan istifadə edir. Əfsuslar olsun kı, Rusiyanın Ukrayna və Gürcüstanda güc resursundan istifadə etməsi bu ölkələrin ərazi bütövlüyünün pozulmasına və Qərbin Moskva ilə alver etməsi ilə nəticələndi”.
Politoloqun sözlərinə görə Qafqazda 200 il vaxtın keçməsindən sonra ilk dəfədir ki, geosiyasi mənzərə dəyişməkdədir, uzun əsrlərdən sonra, nəhayət, bölgədə azərbaycanlılar və türklər ortaq hərbi – siyasi orqanizm kimi çıxış etmək şansını əldə ediblər. 44 günlük müharibə İran və Rusiyanın ikili şəkildə bölgədəki ağalığına son qoydu, Türkiyə və Azərbaycan kimi aktorları da, bu sıraya daxil etdi:
“Hazırda Moskvanın istəyi bəllidir. Azərbaycan və Ermənistan sərhəd problemlərində Moskva Bakının qışa qədər atacağı addımlara səssiz qalacaq . Lakin, öz növbəsində, Qarabağın dağlıq hissəsində ermənilərin kompakt yaşadığı rus sülhməramlılarının nəzarəti altındakı ərazilər məsələsi Bakı və İrəvan arasında müzakirə predmeti olmayacaq. Rusiyadakı bəzi qüvvələr Xankəndini və ətraf rayonları siyasi statusu dondulmuş, məhz sülhməramlıların idarə edəcəyi nöqtə sayır. Aydın məsələdir ki, hazırkı bu ərazilərlə bağlı gələcəkdə Azərbaycana qarşı aparılacaq pressinq məhz Rusiya və Fransa tərəfindən həyata keçiriləcək. Bu isə o deməkdir ki, Xankəndi məsələsi de fakto Ermənistansız cərəyan edəcək, Bakı – Moskva münasibətlərindəki havadan asılı olacaq”.
Zaur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, Azərbaycanın Türkiyə, Pakistan, İsrail, Britaniya kimi dövlətlərlə apardığı effektiv əməkdaşlıq şimaldakı bəzi dairələrdə ciddi narahatlıq doğurmaqdadır:
“Prezident İlham Əliyev təkcə Azərbaycanın tarixinə deyil, regionun tarixində kifayət qədər ciddi dəyişikliklərin əsasını qoydu. Nəticədə, bu gün Avrasiyanın orta xəttində yeni geosiyasi ox yaranmaqdadır. Jirinovski ölkəsində olan siyasi mənzərəni Azərbaycana şamil etməyə çalışsa da, bu onda uğursuz alındı. Siyasi təlxək başa düşməlidir ki, Azərbaycanda bu gün xalq – iqtidar birliyi var və 1920- ci ildən fərqli olaraq, indi, biz istənilən xarici aqressiyaya qarşı xalq və dövlət kimi sinə gəlməyə hazırıq. Xarici dövlətlərin Qafqazda maraqlarının reallaşmasının bir yolu var. Azərbaycanın bugünkü gücü ilə barışmaq”.
//Gülnarə Abasova, Editor.az

