“Ukraynanın Xerson vilayətini Rusiya hərbi qüvvələrinin atəşə tutması nəticəsində iki nəfər həlak olub, biri uşaq olmaqla, daha 14 nəfər yaralanıb”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
Onun sözlərinə görə, ruslar son 24 saat ərzində minaatan, artilleriya, Qrad, AGS, tank, təyyarə və PUA-lardan sağ sahilə 597 mərmi ataraq ümumilikdə 101 hücum həyata keçirib. O cümlədən, Xersona 30 mərmi atılıb.
Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb ki, gecə yarısı Rusiya Silahlı Qüvvələri Berislavski rayonuna iki hava zərbəsi endirib. Bir saat ərzində Xerson rayonu yandırıcı sursatlarla atəşə tutulub. Belozerka kəndində 20 ev, qaz şəbəkəsi və avtomobillərə ziyan dəyib. Xerson vilayətində çətin vəziyyətlə əlaqədar 23 yaşayış məntəqəsindən 800-dən çox uşağın məcburi təxliyəsi tətbiq edilib.
//Safura Bənnayeva, Editor.az

