Xidmət sektorunun regionların iqtisadi inkişafında rolu:”Rəqabətin gücləndirilməsi ilə bağlı daha təşviqedici tədbirlər həyata keçirilməlidir”backend

Xidmət sektorunun regionların iqtisadi inkişafında rolu: “Rəqabətin gücləndirilməsi ilə bağlı daha təşviqedici tədbirlər həyata keçirilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Novruz bayramı ilə əlaqədar ölkədə 9 qeyri-iş günü müəyyən edilib. Beləliklə, regionlarda otellərə, istirahət mərkəzlərinə gedənlərin sayı xeyli artır. Xüsusilə bayram günlərində Bakıya yaxın regionlardakı hotellərdə və istirahət mərkəzlərində doluluq səviyyəsi müşahidə olunur. Doluluğu nəzərə aldıqda adi günlərlə müqayisədə bayram günlərində qiymətlər nisbətən artıb. Bununla əlaqədar sosial şəbəkələrdə və ictimaiyyət arasında xidmət sektorunun fəaliyyətsizliyindən, keyfiyyətin aşağı qiymətlərin isə olduqca baha olması ilə bağlı narazılıqlar müşahidə olunur.

Milli Məclisin deputatı Vüqar Bayramov Editor.az-a açıqlamasında bildirib ki, son illər regionlarımızda infrastrukturun formalaşması və xüsusən də kommunal xidmətlərə əlçatanlığının artması müşahidə olunur:

“Amma bu konteksdə hələ də əksər bölgələrimizin turizm sahəsinin təqdim etdiyi xidmətlərdə qiymətlərin yüksək olması və keyfiyyətin qənaətbəxş olmaması müşahidə olunur. Bir çox hallarda regionlarda turizm xidməti özəl sahibkarlar tərəfindən təklif olunur. Hesab edirəm ki, dövlət tərəfindən bölgələrdə rəqabətin gücləndirilməsi ilə bağlı daha təşviqedici tədbirlər həyata keçirilməlidir. Çünki məhz bu məsələ bölgələrin sosial- iqtisadi inkişafında vacib rol oynayır. Rəqabətin gücləndirilməsi həm qiymətə təsir göstərir, həm də keyfiyyətin artmasına səbəb olur”.

Millət vəkilinin sözlərinə görə əksər regionlarda otellərin sayı çox azdır:

“Biz bu sayı artırmalıyıq. Bu yalnız 5 ulduzlu deyil, az ulduzlu otellərin də sayını da nəzərə almalıyıq. Ona görə də bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi turizm sektorunda da vergi güzəştlərinin tətbiq edilməsi məqsədə uyğun olardı. Bununla da regionlarda turizm sektorunda rəqabətin gücləndirilməsi mümkün olacaq. Qiymətin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması birbaşa rəqabətin gücləndirilməsindən aslıdır. Daha çox sahibkarları turizm xidmət sektoruna cəlb etməklə uzunmüddət müzakirə edilən bu ənənəvi çətinliklərin aradan qaldırılmasına nail ola bilərik”.

Turizm üzrə ekspert Ceyhun Aşurov Editor.az-a açıqlamasında bildirib ki, regionlara istirahət etmək məqsədilə bayram günləri və qeyri-iş günlərində axın daha çox olur:

 

 

“İnsanlar hər zaman qaldıqları otellərdə qiymətlərin bahalığından və xidmət səviyyəsinin tələbata cavab verməməsindən şikayətlənirlər. Lakin nəzərə almaq lazımdır ki, bayram və qeyri-iş günlərində xidmət sektoruna tələbat da artır. Birdən-birə daha güclü rejimində işləmək məcburiyyətində qalan xidmət sektoru müəyyən çətinliklərlə qarşılaşırlar. Əsasən belə vəziyyətdə sözügedən sektorda boşluqlar, nöqsanlar üzə çıxır. Regiondakı otellərimiz demək olar ki, əsasən bayram və qeyri-iş günlərində işləyir. Mövsümlərdə daimi qonaq olmadığı üçün isə müəssisələr, hotellər, istirahət mərkəzləri bağlana bilir. Bu da onu deməyə əsas verir ki, orada çox zaman xidməti personal olmur”.

Ekspert qeyd edib ki, Azərbaycanda ümumilikdə 700-ə yaxın hotel və yerləşdirmə yeri var:

“Onların da çoxu Bakı ərazisində yerləşir. Azərbaycanda xarici və yerli turistlərin arasında seçim imkanları məhduddur. Biz istirahətə getdikdə 4 və 5 ulduz otellerdə qalmağa çalışırıq ona görə də qiymətləri də buna görə müqayisə edirik. Əslində tələbat çoxdur deyə sahibkarlar qiymətləri aşağı salmaqda maraqlı olmur. Hotellərə nisbətdə yerləşdirmə yerləri şəraitsiz olur. Əsas problem seçim imkanlarının məhdudluğudur. Otel, restoranlarla bağlı alternativlərin sayı çox olarsa, təbii ki, mənzərə tamamilə başqa cür olardı”.

C. Aşurovun sözlərinə görə, obyekt və bazar iştirakçılarının sayının çox olması rəqabət mühiti yaradır:

” Bu rəqabət isə həm xidmətin keyfiyyətinə, həm də qiymətlərə öz təsirini göstərir. Yanyana yerləşən bir neçə otel və restoranlar müştərinin razılığı üçün həm qiymət, həm də xidmət məsələsində rəqabət aparır. Belə olduqda isə qazanan müştərilər olur. Sahibkarlar rəqabət mühitində müştərini cəlb etmək üçün əlavə xidmətlər, daha aşağı qiymətlərin təklifində maraqlı olurlar. Bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən seminarlar, təlimlər keçirilir. Lakin bu, mütəmadi hal almalı və bu istiqamətdə rəqabət mühitinin formalaşdırılması qarşıda duran əsas məqsədimiz olmalıdır. Regionlarımızda yeni müəssisələrinin, otellərin açılması həm də yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlara bu sektorda regionlarla bağlı müəyyən güzəştlər təklif edilməli, təşviqedici addımlar atılmalıdır. Belə olduqda yeni rəqabət mühiti formalaşacaq, seçim imkanları çoxalacaq, həm xarici həm də yerli turistlər onları qane edəcək qiymətləri, xidmətləri tapa biləcəklər”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.