Xocalı canisinin ofisindən şok etiraf – general niyə öldürülüb?backend

Xocalı canisinin ofisindən şok etiraf – general niyə öldürülüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistana milyard dollarlıq silahlar gizli ötürülüb

Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan diqqətçəkən açıqlama verib. O, Köçəryan hökuməti dövründə (1998-2008) silahların harda, necə alınmasına aydınlıq gətirib. 

“Robert Köçəryanın prezidentliyi dövründə biz müttəfiqlərimizdən silahları ya endirimli qiymətlərlə, ya da hədiyyə olaraq alırdıq. Bu da bizə hərbi tarazlığı tam şəkildə qorumağa imkan verirdi. Bu tarazlığın ən bariz sübutu 10 illik ləyaqətlə sülh idi”.

Ermənistana xüsusən də Boris Yeltsinin prezidentliyi dövründə (1991-2000) 1.5 milyard dollar dəyərində silah-sursat və hərbi sistemlər verildiyi təzə məsələ deyil. Azərbaycanda bunu çoxdan bilirlər. Ancaq indiyədək nə rəsmi Moskva, nə də Ermənistan rəhbərliyi faktı etiraf edib. Məsələ ört-basdır edilməyə çalışılıb. Hətta bu haqda açıq danışdığı üçün istefada olan rusiyalı general-deputat Lev Roxlin (1947-1998) müəmmalı şəkildə aradam götürülüb.

Ancaq sən saydığını say, gör fələk nə sayır. Nə yaxşı ki, peşkəş edilən silahlar da Moskvanın marioneti işğalçı Ermənistana kömək edə bilmədi. Haqq yerini tapdı.

Bəs Rusiya eyni etirafı nə vaxtsa edəcəkmi? İkinci yandan, Mikoyan “müttəfiqlərimiz” deyərkən Rusiyadan daha hansı ölkələri nəzərdə tutur?

Yusif Bağırzadə: “Putin məğlubiyyətdən qaçmaq üçün nüvə silahından istifadə  etmək istəyir” Pravda.az

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Xocalı canisi Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyanın son açıqlamasında səsləndirdiyi fikirlər əslində, Azərbaycana hələ zamanında məlum olan faktlardır, ölkəmizə qarşı düşmənçiliyi hansı dövlətin apardığının növbəti isbatıdır: “İndi bununla bağlı etirafların İrəvanın 1998-2008-ci illərdəki silahlanma siyasətinə dair uzun müddət müzakirə edilən, lakin rəsmi şəkildə etiraf olunmayan məsələləri yenidən gündəmə gətirməsi də təbiidir. Baqrat Mikoyanın ”silahları müttəfiqlərimizdən ya endirimli, ya da hədiyyə olaraq alırdıq” sözləri bir neçə mühüm geosiyasi reallığı açıq şəkildə ortaya qoyur. Bu bir daha onu təsdiq edir ki, həmin dövrdə regional təhlükəsizlik balansı yalnız açıq müqavilələr deyil, həm də qapalı siyasi razılaşmalar əsasında formalaşıb. İşğalçı Ermənistan qanunsuz olaraq silahlandırılıb və işğalın davam etməsinə həvəsləndirilib. Qeyd olunan dövrdə Ermənistanın əsas strateji tərəfdaşı heç şübhəsiz Rusiya idi. Moskvanın Boris Yeltsin və daha sonra Vladimir Putin dövründə İrəvana böyük miqdarda silah transferləri etdiyi hələ o zaman konkret faktlarla sübut olunsa da rəsmi Moskva bu iddiaları heç bir zaman açıq şəkildə etiraf etməyib. Çünki belə bir etiraf Rusiyanın regionda tarazlıq siyasətinə dair haqlı suallar doğura bilərdi. Ona görə də elə o zaman da Rusiya Azərbaycan tərəfinin bu məsələ ilə bağlı sualları qarşısında sadəcə susmaq yolunu seçdi”.

Politoloqun sözlərinə görə, lakin reallıq ondan ibarətdir ki, Ermənistanın o dövrdəki ağır silahlar parkının, hava hücumundan müdafiə sistemlərinin və artilleriyasının böyük hissəsi məhz Rusiya mənşəli idi: “Odur ki, Baqrat Mikoyanın ”müttəfiqlərimiz” ifadəsi də ilk növbədə Rusiyanı işarə edir. İndi Ermənistanın ardınca Rusiyanın da bunu etiraf etməsi isə elə yenə də eyni səbəblərə görə inandırıcı görünmür.

Bununla yanaşı, İran xəttini də qeyd etməyə ehtiyac var. Məlumdur ki,  həmin illərdə də Tehranla İrəvan arasında sıx iqtisadi və siyasi yaxınlıq mövcud idi. Bu isə müəyyən müdafiə-texniki əməkdaşlıq ehtimalını da gündəmə gətirir. Açıq mənbələrdə İranın Ermənistana böyükmiqyaslı silah tədarükü etdiyi rəsmi təsdiqlənməsə də ayrı-ayrı analitik hesabatlarda kiçik silahlar, sursat və bəzi taktiki sistemlər üzrə məhdud da olsa əməkdaşlıq olduğuna dair məlumatlar var”.

Y.Bağırzadə hesab edir ki, Qərb mənşəli silahların isə özəl şirkətlər və üçüncü ölkələr üzərindən Ermənistana ötürülməsi ehtimallardan biridir: “Robert Köçəryan dönəmində Ermənistanın Qərb dövlətləri ilə rəsmi hərbi əməkdaşlığı minimal idi, lakin postsovet məkanında və Yaxın Şərqdə fəaliyyət göstərən müxtəlif özəl müdafiə şirkətlərinin vasitəsi ilə ayrı-ayrı sistemlərin, elektron avadanlıqların və ya modernizasiya komponentlərinin alınmasına dair də kifayət qədər məlumatlar var.  Şübhəsiz ki, bu cür tədarüklər rəsmi statistikada qeyd olunmayan tədarüklərdir. Çünki həm vasitəçi şirkətlər, həm də alıcı tərəf bu proseslərin siyasi nəticələrdən uzaq qalmasını üstün tutublar”.

Politoloq sonda dedi ki, bütövlükdə baxdıqda, Mikoyanın açıqlaması Ermənistanın o dövrdə çoxvektorlu, amma əsasən Rusiya mərkəzli silahlanma modelinə işarə edir: “İran və özəl Qərb kanalları burada elə də həlledici rol oynamayıb. Odur ki, Mikoyanın açıqlaması belə bir məntiqi nəticəni ortaya qoyur ki, uzun illər ərzində ərazilərimizin işğal altında saxlanılması üçün Ermənistana bütün imkanları ilə dəstək verən məhz Rusiya olub”.

“Yeni Müsavat”