Xocalı hərbi canisi, sabiq prezidenti Robert Köçəryan hakimiyyətə qayıtmaq istəyir. Dünən bu barədə rəsmən açıqlama verilib.
“Qarabağ” klanının ən odioz siması, təkcə Azərbaycan xalqına yox, öz xalqına da böyük faciələr yaşatmış bu müharibə cinayətkarı “Ermənistan” blokundan qarşıdakı parlament seçkilərində baş nazirliyə namizəd elan edilib. Əsla təəccüblü deyil ki, onun namizədliyini daşnaklar da dəstəkləyib.

Qeyd edək ki, ən son rəy sorğularına görə, “Qarabağ” klanı daxil, radikal-revanşist müxalifət cəmiyyətdə üst-üstə cəmi 8%-lik dəstəyə malikdir. Hərgah, radikallara başqa rəqəmlər səsləndirir, guya seçkilərədək vəziyyətin dəyişə biləcəyinə ümid edilər…
“Ermənistanın bütün təhdidləri birgə neytrallaşdırmaq üçün güclü orduya, güclü liderə və güclü müttəfiqə ehtiyacı var” – Köçəryan namizəd kimi ilk çıxışında deyib.
Yəni ki, Ermənistana Nikol Paşinyan qismində “zəif lider” yox, yenə də Köçəryan çaplı avantürist və banditin biri lazımdır ki, onun faciələrinin davamı gəlsin.
Həmçinin, demək istəyib ki, Ermənistanın ordusu faktiki yoxdur. Bu zaman unudur ki, təzəcə layiqli cəzasına çatan bir işğalçı ölkə, kasıb və acından ölən dövlət niyə yenidən N qədər pul xərcləyib güclü orduya malik olmalıdır ki? Məgər hansısa qonşu Ermənistanı hədələyir, onun ərazisinə girib? Güney Qafqazda dünənədək bu xislətlə yaşayan ölkə gərək ki, Ermənistan idi.
Qısası, hədəf aydın deyilmi? “Güclü müttəfiq” qismində də əlbəttə ki, o, vassalı olduğu Rusiyanı nəzərdə tutur…
“Biz Azərbaycanla sülh tərəfdarıyıq, amma bu sülh real zəmanətlərə əsaslanmalıdır. Bu, dünyada qanunun aliliyinin güc aliliyi ilə əvəz olunduğu vaxtda xüsusilə vacibdir”, – Köçəryan bildirib. O, həmçinin iddia edib: “Mən əminəm ki, şəri təmsil edən (? – red.) bu hakimiyyət məğlub olacaq”.
Körpə qatili, Azərbaycan türməsinin çoxdan darıxdığı Köçəryan sən demə, xeyri təmsil edirmiş!..
Təbii ki, o, Nikol Paşinyanı təhdid də edib. Sitat: “Minlərlə qəhrəmanımızın ölümünə səbəb olanlar, “artsaxı” təslim edənlər və bu gün xalqa qəhrəmancasına müqavimət tarixini unutduran şəxslər cavab verməlidirlər”.
Göründüyü kimi, sətiraltı Azərbaycanı da revanşla hədələyir. Ancaq bunu açıq bəyan edə bilmir, ona görə ki, cəmiyyətin əksəriyyətinin müharibəyə həssaslığını bilir. 44 günlük savaş, Qarabağda bir günlük antiterror əməliyyatı bizim eradan əvvəl baş verməyib ki, yaddan çıxsın. O səbəbə bu yırtıcı “qoyun” cildinə girmək zorunda.
O cəmiyyət ki, bu il iyunun 7-də nəhayət, bütün bu revanşist-avantürist sürüsünə və onların başçılarına qəti olaraq yerini göstərməlidir: tarixin zibilliyi. Buna məhkumdur. Əks halda, erməni xalqı onu nəyin gözləyəcəyini yaxşı bilir. Bilməlidir…
Musavat.com

