“Təəssüf ki XXI əsrdə olmağımıza baxmayaraq bu gün də müharibə cinayətləri davam edir. Bunun ən başlıca səbəbi zamanında cinayətlkarların beynəlxalq səviyyədə cəzalandırılmamasıdır. Nə qədər ki, müharibə cinayətləri və terrorlar cəzalandırılmayacaq, mümkün olmayacaq ki, bəşər övladı rahat sülh şəraitində yaşasın. Bunun üçün bütün dünya birlikləri mübarizə aparmalıdır. Fərq etməz ki, bu cinayətlər Qafqazda və ya Avropada törədilir. Hər bir atılan güllə insanlığa qarşı cinayətdir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, XX əsrdə Xocalı və bu qəbildən olan terror aktları ilə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş faciələr yaşadıb:
“Lakin bunlardan bu günə kimi heç biri beynəlxalq səviyyədə cəzasını almayıb. Buna görə də bu gün azərbaycanlılar Qarabağda minaların qurbanı olurlar. Əgər zamanında Ermənistan hakimiyyəti öz qanlı cinayətlərinə görə cavab versəydi, iki il əvvəl Gəncədə insanlar gecə yuxuda ikən raket hücumuna məruz qalmazdı. Xocalı əliyalın insanların qətliamı deməkdir. Gəncə terroru isə XXI əsrin Xocalısıdır. Xocalı insan beyninin xatırlamaq istəməyəcəyi qədər tükürpəticidir. Bu soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, , boynu vurularaq və burda qeyd etmək istəmədiyim qəddarlıqla, hətta işgəncə ilə öldürülənlər arasında hamilə qadınları da olub. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Qarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirdilər”.
Millət vəkili qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir:
“Əgər XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilsəydi və hüquqi qiymətini alsaydı XXI əsrdə Gəncə, Bərdə kimi terrorlar yaşanmayacaqdı. Mən deyərdim ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Hətta Ağdamı ziyarət edən xarici diplomatlar 30 il erməni əsarətində olmuş bu şəhəri Xirosima adlandırdılar. Azərbaycan uzun illərdir dünyanın müxtəlif ölkələrində Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunması üçün tədbirlər təşkil edir, xüsusi nəşrlər çap etdirir. Lakin nə cinayətkarlar nə də ki,beynəlxalq ictimaiyyət bu faciəni görmək istəmir. Bu gün Ermənistan hökuməti demokratiyadan danışırsa, iddia edirsə ki Ermənistan demokratik ölkədir, o zaman Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi ilə bəhs etdikləri demokratiyanı insan haqqlarına olan hörməti nümayiş etdirə bilərlər. Bu, sadəcə Azərbaycan xalqından deyil, tapdalanmış beynəlxalq hüquqi normalardan, hətta bütün bəşəriyyətdən istənilməsi lazım olan üzrdür. Bütün dünya dövlətləri sülh üçün mübarizə aparıb firavan həyata nail ola bilər. Biz çalışmalıyıq ki, bizdən sonrakı nəsillər Xocalı, Gəncə və digər faciələri yaşamasın”.
//Gülnarə Abasova, Editor.az