“Hər kəsi məmun etməyə çalışan insanların özgüvəni aşağı olur”.
Bu sözləri Editor.az-a hər kəsi məmnun etməyə çalışan insanların psixologiyalarında hansı problemlərin olması ilə bağlı danışarkən Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.
Onun sözlərinə görə, belə insanlar, öz fikirləri ilə yox ətrafında insanların düşüncələri ilə hərəkət edirlər:
“Həmçinin ətrafının ona qarşı münasibəti, onun haqqındakı düşüncələri, fikirləri həmişə onlar üçün önəmli olur. Bu da bir müddət sonra öz fikirlərini diqqətə almayan, yalnız ətrafındakı insanların düşüncəsi ilə ilə hərəkət edən bir şəxsiyyətin formalaşmasına gətirib çıxarır. Zaman keçdikcə ətrafındakıların görmək istəyi şəxsiyyətə çevrilməyə başlayır. Hətta, belə insanlar bəzən ətrafı tərəfindən “istifadə edilir”. Yəni, hər dəfə qarşı tərəfi məmun etməyə çalışdıqca bu, istər-istəməz insan psixologiyasına mənfi təsir göstərir. Artıq bir müddət sonra insan öz şəxsiyyətindən, mənindən çıxaraq ətraf mühitin, əhatəsində olan insanların nəzərində onların hər istədiyini edən, onları davamlı məmnun etməyə çalışan biri kimi yer alır. Bu zaman təbii ki, o insanın maraqları, istədikləri həmişə ikinci plana düşür. Çünki, onun üçün ilk növbədə əsas məsələ qarşısındakını məmnun etməkdir. Qeyd etdiyim kimi, bir müddət sonra belə insanlarda psixosomatik problemlər yaranmağa başlayır. Belə ki, bu insanlarda həyəcan, təşviş, nevroz və depressiv əlamətlər özünü göstərir. Çünki məhdudlaşdırılmış və yarım qalmış arzular zaman keçdikdə insanı sıxmağa və olmaq istəmədiyi bir qəlibə salır. Bu problemlər zamanında korreksiya edilmədikdə insan psixologiyasına zərbə vurur. O səbəbdən özgüvən problemi ciddidir və bildirdiyim kimi, zamanında psixoloq dəstəyi alınmalıdır. Psixoloq terapiya zamanı(eqoterapiya) məsələnin kökünə enməli və problemi korreksiya etməlidir. Bu məsələnin köklərindən biri təbii ki, ailəyə, insanın böyüdüyü mühitə də gedib çıxır. Avtoritar, mükəmməliyyətçi ailələrdə böyüyən uşaqların öz güvəni aşağı olur. Çünki uşaqlıqda öz ana-atasını məmnun etmək istəyi, böyüdükdə iş yoldaşlarını, dostlarını, həyat yoldaşını məmnun etməklə əvəzlənir. Bu insanlar unutmamalıdır ki, biz ətrafımızdakı hər bir insana yetə, onun istədiyi kimi ola və onu məmnun edə bilmərik. Heç nə özümüzü, istəklərimizi, arzularımızı hər dəfə arxa plana atacaq qədər önəmli deyil. Unutmayaq ki, xoşbəxt olmayan insan heç kimi xoşbəxt edə bilməz.”
//Səbinə Hüseynli, Editor.az