“YAP-ın “ətcəbala” deputatları tərbiyəsizliyə yol veriblər“ – Azər Həsrətbackend

“YAP-ın “ətcəbala” deputatları tərbiyəsizliyə yol veriblər“ – Azər Həsrət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görün, nə olub. Çox hörmətli xanım jurnalistlərimizdən biri YAP-dan olan yeni, ütülü, gənc deputatlardan birinə müraciət edib ki, bəs müxalifət hakimiyyətə qarşı çıxış edir, istərdim siz də onlara cavab verəsiniz. Yəni hakimiyyətin mövqeyini müdafiə edəsiniz. Gənc başda bir-iki gün bunu gəzdirib, ardından da votsapda bloklayıb. Yəni müxalifətə cavab verməkdən qaçıb”.

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar jurnalist Azər Həsrət deyib. Siyasi şərhçi jurnalist xanımın usanmadan YAP-ın daha bir gənc, ütülü, yeni deputatına müraciət etdiyini vurğulayıb:

“Ona da eyni şəkildə bildirib ki, müxalifət hakimiyyəti yıxıb-sürüyür, gəlin, siz də qarşı tərəf olaraq cavab verin. Yəni hakimiyyətin mövqeyini müdafiə edin. Bu gözünə döndüyüm YAP deputatı da bir müddət hörmətli xanım həmkarımızı başda gəzdirib, ardından eyni qaydada votsapda bloklayıb ki, əlaqə saxlaya bilməsin. Bu iki halın ikisi də ondan xəbər verir ki, YAP-ın islahat adı altında parlamentə doldurduğu “yeni qafalar” iddia edildiyi kimi cəsarətli və sadiq deyillər. Onlara imkan yaradılır ki, öz hakimiyyətlərini müdafiə etsinlər, müxalifətin sosial medianı başına götürmüş yalan-doğru təbliğatına cavab versinlər, bunlarsa nəinki cavab vermir, üstəlik bunun üçün meydan verən jurnalisti bloklayıb aradan sivişirlər. Əlavə edim ki, o jurnalist də elə-belə jurnalist deyil. Yəni Azərbaycanda az-çox siyasətlə məşğul olan hər kəs arzu edir, çalışır ki, məhz həmin jurnalist ondan müsahibə alsın. Çünki auditoriyası genişdir, qərəzsiz və peşəkar jurnalistdir. Amma di gəl ki, YAP-ın bu “ətcəbala” deputatları nəinki imkandan istifadə etməyiblər, üstəlik jurnalisti bloklamaqla tərbiyəsizliyə də yol veriblər. Bu adamların ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komanda üzvləri olduğu deyilir! Əsla inanmıram ki, İlham Əliyev belə qorxaq adamları öz komandasına yaxın buraxa! Sadəcə, 2020-nin o bərbad seçkisində məlum çete bu adamları da parlamentə doldurmağı bacardı. Çıxış yolu nədir? Bir ildir deyirik: “Bu tərkib mümkün qədər tez bir zamanda buraxılmalıdır. Yeni, doğrudan da millət-dövlət üçün çalışan, işinin ustası olan, cəsarətində və sədaqətində qüsura yol verməyənlərdən ibarət parlament formalaşdırılmalıdır”. Hələ nəzərə alaq ki, 44 günlük savaş sonucu Ermənistanı dizə gətirməyimiz düşməni özündən çıxarıb və qlobal səviyyədə iyrənc təbliğat aparmaqdadır. Bu təbliğatın qarşısına isə həm də hazırlıqlı deputatlar çıxmalıdır”.

Azər Həsrət vurğulayıb ki, yeni tərkiblə parlament formalaşdırmaq lazımdır:

“Özü də təxirə salmadan. Əks təqdirdə Prezident İlham Əliyev meydanda yalnız qalmağa davam edəcək. Necə ki, 44 günlük savaş günlərində əksər deputatlar onu yalnız qoydular”.