Kuril adalarına sahiblik məsələsi ölkə Konstitusiyasına uyğun olaraq həmişəlik bağlıdır.
Editor.az bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, bu barədə Yaponiyanın baş naziri Fumio Kişidanın Tokionun Moskva ilə ərazi mübahisələrini həll etmək və sülh müqaviləsi bağlamaq istəyi barədə danışmasından sonra bildirib.
“Şimal əraziləri adlanan ərazilərlə bağlı “Yapon xalqının hissləri” bizi çox maraqlandırmır. Bunlar “mübahisəli ərazilər” deyil, bura Rusiyadır. Çox kədərli olan samuraylar isə ənənəvi yapon üsulu ilə ölə bilər”, – deyə Dmitri Medvedev Vkontakte-də yazıb. Onun sözlərinə görə, Kuril adaları fəal şəkildə inkişaf edəcək və onların strateji rolu artacaq və bölgəyə yeni hərbi texnika yerləşdiriləcək.
Dmitri Medvedev həmçinin bildirib ki, Rusiyanın tələbləri yerinə yetirilərsə, heç kim sülh müqaviləsinin bağlanmasının əleyhinə deyil. Bundan əvvəl Fumio Kişida bildirmişdi ki, Yaponiya Rusiya ilə ərazi mübahisəsinin həllinə və sülh sazişlərinin imzalanmasına yönəlmiş siyasi kursa sadiq qalır.
Xatırladaq ki, Ukrayna ərazisində hərbi əməliyyatlar başlayandan sonra Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Kuril adalarının statusu və sülhün bağlanması ilə bağlı danışıqlardan imtina etdi. 2022-ci ilin aprelində Yaponiya Cənubi Kuril adalarını 2003-cü ildən bəri ilk dəfə olaraq “qanunsuz işğal olunmuş ərazilər” adlandırdı.
//Samir Qurbanov, Editor.az

