Yaponiya hökuməti Fələstin radikal HƏMAS hərəkatının maliyyələşməsinin qarşısını almaq üçün onun doqquz liderinin aktivlərinin dondurulmasını nəzərdən keçirəcək.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən NHK telekanalı məlumat yayıb. Telekanalın qeyd etdiyi kimi, söhbət qrupun maliyyəsinə, kriptovalyuta fondlarına və Qəzza zolağına bağlı birjalara nəzarət edən HƏMAS-ın doqquz lideri və üzvlərinin aktivlərindən gedir.
Sanksiyalar paketinin oktyabrın 31-də hökumətin iclasında təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, oktyabrın 27-də ABŞ Maliyyə Nazirliyi 7 oktyabrda İsrailə hücumdan sonra HƏMAS-la əlaqəsi olan əsas rəsmilərə və maliyyə şəbəkələrinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər HƏMAS-ın investisiya portfelindəki əlavə aktivlərə də təsir etməlidir.
//Gülnarə Abasova, Editor.az

