Yaponiyanın baş naziri Fumio Kişida Xirosimaya nüvə hücumunun 79-cu ildönümü ilə bağlı keçirilən anım mərasimində bildirib ki, bu gün Rusiya nüvə silahından istifadə etməklə hədələyir.
Onun sözlərinə görə, nüvə silahı olmayan bir dünyaya doğru iş Soyuq Müharibədən bəri ilk dəfə təhlükə altındadır: “Müharibədə nüvə silahından istifadə təcrübəsi olan yeganə ölkə olaraq, nüvə silahı olmayan bir dünya yaratmaq üçün amansız çalışmaq bizim borcumuzdur. Nüvə tərksilahı ilə bağlı vəziyyət Rusiyanın atom silahından istifadə ilə bağlı təhdidləri fonunda getdikcə çətinləşir”, -deyə Kişida bildirib. Fumio Kişida əlavə edib ki, dünya nüvə tərksilahı məsələsində getdikcə daha çox bölünür. O, həmçinin bildirib ki, Yaponiya nüvə və qeyri-nüvə dövlətləri arasında dialoqda körpü olmağa hazırdır.
Xatırladaq ki, 6 avqust 1945-ci ildə ABŞ ordusu Xirosimaya nüvə bombası atıb. Həmin il avqustun 9-da Naqasakiyə növbəti nüvə zərbəsi endirilib. Ölənlərin ümumi sayı 350 min nəfəri keçib.
//Samir Qurbanov, Editor.az