Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı Ukraynanın inkişafı üzrə layihələrin həyata keçirilməsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankına 150 milyon dollara qədər maliyyə ayıracaq.
Editor.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko deyib. “Bu gün səhər Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında sonuncuya 150 milyon dollara qədər iki mərhələli kreditin verilməsinə dair anlaşma memorandumu imzalanıb”, – Sviridenko bildirib. Onun sözlərinə görə, pul kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə struktur layihələrin hazırlanmasına sərf olunacaq. Bildirilir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu ildə Qara dəniz regionu ölkələrinin regional inkişafına və əməkdaşlığına yardım etmək məqsədilə yaradılıb. Onun üzvləri bunlardır: Türkiyə, Ukrayna, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya.
//Gülnarə Abasova, Editor.az

