Güclü “Şanşan” qasırğası Yaponiyanın Kyuşu adasındakı Kaqosima prefekturasının sahillərinə çatıb. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi bildirib ki, Aiçi prefekturasında torpaq sürüşməsi nəticəsində azı 3 nəfər ölüb, bir nəfər itkin düşüb.
NHK telekanalının məlumatına görə, Kyuşu adasında 54 nəfər xəsarət alıb.
Editor.az “The Japan Times”ə istinadən xəbər verir ki, “Kyushu Electric” enerji şirkətinin məlumatına görə, qasırğa səbəbindən yeddi Kyushu prefekturasında 255 minə yaxın ev elektik enerjisiz qalıb. Onlardan 220 mini Kaqoşima şəhərində, 16 mini Miyazakidədir. Qasırğa bu gün, avqustun 29-da yerli vaxtla saat 8:00-da Satsumasenday şəhəri yaxınlığında quruya çatıb. Sinoptiklərin məlumatına görə, qasırğa saatda 15 km sürətlə hərəkət edir.
Maksimum davamlı külək saatda 144 km, maksimum sürəti isə saatda 216 km-ə çatıb. Kaqosima, Miyazaki, Oita, Kumamoto, Ehime, Aiçi və Şizuoka şəhərlərinin bir hissəsində daşqın və sürüşmə riski ilə əlaqədar təxliyə əmrləri elan edilib. Yufu şəhərində güclü yağış nəticəsində sahillərini aşmış Miyakava çayının daşması nəticəsində daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Yaponiyanın ən böyük aviaşirkəti tayfunun Kyuşu adasına yaxınlaşması ilə əlaqədar yüzlərlə reysi təxirə salıb.
Ölkənin dəmir yolu şirkətləri də mümkün ləğvlərlə bağlı xəbərdarlıq ediblər. Meteoroloqlar Kyushu adasının bəzi yerlərində yağıntının intensivliyini sutkada 400-600 mm təşkil etdiyini bildiriblər.
//Samir Qurbanov, Editor.az