Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 203-ə yüksəlib.
Editor.az xəbər verir ki, bu barədə İşikava əyalət qubernatorluğundan verilən açıqlamada bildirilib.
Açıqlamada əyalət boyu 22 fərqli bölgədə 400 təxliyyə məntəqəsində cəmi 26 min insanın qaldığı, 3 min 100 nəfərin isə bağlı yollar səbəbiylə qapalı vəziyyətdə qaldığı bildirilib. Açıqlamada bölgə üzrə baş verən zəlzələlər nəticəsində müxtəlif xəsarətlər alan 566 nəfərin müalicə olunduğu qeyd edilib, xəbəri olmayan 68 nəfərin taleyinin müəyyənləşdirilməsinə çalışıldığı paylaşılıb. Yaponiyanın müdafiə naziri Kihara Minoru verdiyi açıqlamada bölgədəki axtarış-xilasetmə işlərində 6 min 300 Özünümüdafiə Qüvvələrinin personalının iştirak etdiyini bildirib.
Havanın temperaturunun 3 dərəcə Selsi civarında olduğu Noto yarımadasında axtarış-xilasetmə tədbirlərinin fasiləsiz davam etdiyi bildirilib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.
//Gülnarə Abasova, Editor.az

