İSTİQAMƏT: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatında ən əlamətdar hadisə kimi yadda qalıb. Bu gün isə artıq Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 104 il ötür.23 aylıq fəaliyyəti dövründə beş dəfə formalaşdırılan Cümhuriyyət Hökumətinin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi və s. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindəndir. Bu gün müstəqil Azərbaycan Respublikasının bu sahələrdəki uğuru onun bariz nümunələridir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Editor.az-a bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından ötən 104 illik zaman kəsiyində fəaliyyətinə qiymət verdikdə AXC cəmi 23 ay yaşamasına rəğmən görə biləcəyi bütün işləri görüb:

“Bu qısa vaxtda müstəqil, suveren dövlət yaradılıb. Elə bir dövlət ki, Yaxın Şərqdə ilk demokratik parlamentli respublika olub. Qısa zamanda əldə edilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malikdir. Məsələn, 1918-ci ildə Azərbaycan qadınına səsvermə hüququnun verilməsi AXC tarixinin ən şərəfli ilklərindən biridir. Nəzərə alsaq ki, nəinki Müsəlman Şərqində, heç Avropa ölkələrində, ABŞ-da belə o zaman qadınların bu hüququ yox idi. Dünyada özünü demokratiyanın bayraktarı hesab edən ABŞ yalnız iki il sonra 1920-ci ildə belə bir qərar qəbul edib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin müzakirəsinə qısa zaman ərzində 270 qanun layihəsi çıxarılıb və onun 230-u qəbul edilib. Himnimiz, dilimiz, ordumuz, bayrağımız haqqında müxtəlif qanunlar qəbul edilib. Bütün bunlar çox qısa zaman ərzində baş vermiş hadisələrdir”.
Millət vəkilinin sözlərinə görə, 1918-1920-ci illərdə AXC yaşaması idi, 1922-ci ildə Sovet İttifaqı yaradılarkən Azərbaycanı ora ayrıca müttəfiq respublika kimi qəbul etməzdilər:
” Əks halda biz Sovet İttifaqının tərkibində əyalət, vilayət statusunda ola bilərdik. Bu iki il ərzində güclü dövlət strukturları formalaşdığından biz SSRİ-nin tərkibində də ayrıca müttəfiq respublika kimi fəaliyyət göstərdik. Bu gün Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi olaraq irəliləməkdə davam edir. AXC-nin ən böyük niyyətlərini bu gün Azərbaycan Respublikası həyata keçirtdi. Beləliklə, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına son qoyuldu, işğal altındakı torpaqlarımız geri alındı. Bu gün Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında bizim Müzəffər Ordumuz bu missiyanı həyata keçirtdi. Cümhuriyyət liderləri cəmi 23 ay hakimiyyət ola bildilər və o zamankı geosiyasi vəziyyətin təsiri ucbatından dövlətçiliyin əbədiliyini, dönməzliyini təmin edə bilmədilər. Ancaq bu gün Azərbaycanın müstəqilliyi, dövlətçiliyi əbədidir. O dövlətçilik ki, onun formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. O, müasir Azərbaycanın banisidir. Bu gün cənab Prezidentimizin rəhbərliyi altında dövlətimiz qarşıya qoyduğu bütün hədəflərə çatmaqla dünyad etimad sahibi, etibarlı tərəfdaşa çevrilib. Cümhuriyyət dövründə qadınlara səsvermə hüququnun verilməsinin nəticəsidir ki, Azərbaycan qadını bu gün ölkənin birinci vitse-prezidenti, parlament sədri səviyyəsinə yüksəlib. Bu, AXC-ni quran insanların ən böyük arzularından biri idi”.
Politoloq Şəbnəm Həsənova Editor.az-a açıqlamasında qeyd edib ki, dəyişikliklərini vaxtında dərk edən, milli kimliyinə, milli dəyərlərinə hörmətlə yanaşan xalq ən yüksək ehtiramla gələcəyi üçün möhkəm təməl qura bilər:

“Bəşəriyyət nə qədər elmi, siyasi, iqtisadi inkişafda olsa da, insanların öz əcdadlarının əqli, mənəvi-əxlaqi kamilliyini irs olaraq daşımaq üçün səy göstərməsi, onlar kimi olmağa çalışması təbiidir. Axı milli özünüdərk insan şüurunun səviyyəsini üzə çıxaran emosional və rasional ideyaları özündə birləşdirən qüvvədir. Dünyada qloballaşma proseslərinin dərinləşdiyi bir şəraitdə, təəssüflər olsun ki, milli kimliyə, milli maraqlara və mənəvi-ideoloji təhlükəsizliyə etinasızlıq, bəzi hallarda insanların keçmişini və gələcəyini itirməsinə səbəb olan ideoloji təhdidlərə biganəliyin mövcudluğunun da şahidi oluruq. Xalqlar milli özünüdərk proseslərinə ciddi diqqət yetirməklə mənəvi-əxlaqi dəyərlərini canlı tutmalı, xalqı istiqlal ideyalarına sadiqlik ruhunda tərbiyə etməli, eyni zamanda demokratik dövlətçilik prinsiplərini dərinləşdirməlidir. Ölkənin bütün şəhər və kəndlərinin timsalında vətənin qürur hissi ilə parlayan mühitini yaratmağa paralel olaraq insanların həyatında mənəvi-əxlaqi mühit tələb olunmursa, milli kimliyi, milli maraqları başa düşmək çətindir. Cəmiyyətin birliyini və tərəqqisini təmin etmək üçün məhz ideoloji əsaslı mühitin yaradılmasına ehtiyac var. Bunun üçünsə Lider amili olduqca mühüm əhəmiyyət kəsb edir ki, toplumu düzgün istiqamətləndirib, idarə edə bilsin. 2003-cü ildən bu günə qədər cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi, siyasətinin təməlində Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq məfkurəsinin dayanması, siyasi, sosial-iqtisadi həyatın bütün sferaları da daxil olmaqla, qeyd olunan istiqamətlər üzrə köklü dəyişikliklərlə müşahidə olunması Azərbaycanı qüdrətli dövlətə çevirdi. Dövlət başçımızın Azərbaycanın hərtərəfli inkişafını təmin edən məqsədyönlü və düşünülmüş siyasətinin uğurları, tarixin ən güclü Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin regional lider statusu qazanması və regional müstəvidən qlobal müstəviyə doğru inamla irəliləməsi, beynəlxalq miqyasda sayılan, nüfuzlu dövlətə çevrilməsi məhz Ümummilli lider Heydər Əliyev ideyalarının təntənəsi, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu ideyaların xalqımız tərəfindən ən ali mərtəbədə tutulmasıdır. Məhz belə dəyərləri uca tutan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2021-ci il oktyabrın 15-də “Müstəqillik günü haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul olunması olduqca mühüm və tarixi addım idi. Müstəqillik gününün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edilməsi, cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın müstəqillik günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər etmələri, Zəngəzur dəhlizinin avtomobil, dəmir yolu və hava komponentlərinə elektrik xətti marşrutunun qoşulması, xüsusilə bu tarixi günün də qardaş Türkiyə ilə birgə qeyd edilməsi verilən rəmzi və olduqca çəkili mesajdır. Bu il 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi tamam oldu. Qədim, bir o qədər də zəngin dövlətçilik ənənələrinə malik xalqımız keçmişinin müəyyən mərhələlərində tarixin hökmü, yaranmış şərait nəticəsində böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır”.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünyada çalxantılı bir dövrün hökm sürməsi və dünya siyasi nizamının yenidən qurulduğu bir zamana təsadüf edir:
” XIX əsrin sonları-XX əsrin əvvəllərində xalqımızın keçdiyi məşəqqətli yol intellektual mühitin təmsilçiləri olan Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd Bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Nəsib Bəy Yusifbəyli, Əli bəy Hüseynzadə və başqa mütəfəkkirlər tərəfindən parlaq mədəni yüksəliş mərhələsi ilə taclandırılmışdır. Maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş əsaslı ictimai-siyasi, sosial-mədəni dəyişikliklər daha böyük dəyişikliklərə yol açmışdır. Yeni tipli məktəblər, mətbuat, teatr yaradılmışdır ki, bu mühüm addımlar da milli özünüdərk prosesinin həyata keçirilməsi üçün əsaslı zəmin formalaşdırmışdır, milli ruhlu ziyalılar nəslinin yetişdirilməsinə başlanılmışdır. Müstəmləkədən azad, demokratik dövlət quruculuğu prosesinin mərkəzində duran məsələ məhz Azərbaycanın ictimai-siyasi fikir mərkəzinə çevrilməsinə xidmət etmişdir. Cənab Prezident İlham Əliyev bildirir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq”. Eyni zamanda, çox çətin bir dönəmdə Azərbaycanı yenidən quran, bu gün çiçəklənən Azərbaycanımızın təməl daşlarını qoyan ulu öndər Heydər Əliyevin vəsiyyətini layiqincə icra etməsi bir faktı da sübut edir ki, yalnız qədim dövlətçilik ənənələrinə malik xalqlar tarixi missiyanı nəsildən-nəsilə ötürmək kimi bir ənənəyə malik olur, tarixinə dəyər verirlər. Müstəqillik prosesinin ayrılmaz ilkin addımı kimi müstəqillik bəyannaməsi insanların nə üçün azad olması lazım olduğuna dair arqument rolunu oynayır. Dünya tarixində bir neçə sənəd ideyalarının gücünə görə müstəqillik bəyannamələri ilə rəqabət aparır. Bu baxımdan 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul olunan İstiqlal Bəyannaməsi fikir və sözlərin intellektual mənşəyinin, mahiyyətinin geniş olması baxımından xüsusi önəm kəsb edir. Belə ki, sənəd sadəcə Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsi baxımından deyil, həm də İstiqlal Bəyannaməsinin mətni ilə tanış olarkən bir tərəfdən iki regional aktor arasında müharibənin Azərbaycan üçün daxili və xarici müşkülatdan, çətinlikdən çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin edirdisə, digər tərəfdən də Bəyannamənin hələ o dövr üçün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən millət, məzhəb, sinif və cins fərqi gözləmədən hüdudlarında yaşayan bütün vətəndaşlarına hüquqi-siyasi vətənin təmin edilməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün geniş meydanın yaradılması baxımından xüsusi əhəmiyyətli məsələ idi. Məhz bu köklü addım xalqımızın böyüklüyündən, tolerantlığından, xoş niyyətindən, mehriban dostluq şəraitində yaşamaq üçün hər kəsə eyni və bərabər imkanların yaradıldığından xəbər verir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi təsis edildi, ana dili dövlət dili elan olundu, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa zaman çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu ki, bu da o dövr üçün olduqca çətin bir proses idi. Təhsil milliləşdirildi, ilk universiteti yaradıldı ki, məhz bu uzaqgörən addım da xalqımızın sonrakı mərhələlərdə mədəni yüksəlişi üçün əsaslı zəmin formalaşdırdı. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti məhz təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu hədəflərə bütünlüklə çata bilməsə də öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi, şüurlarda formalaşdırılan müstəqillik ideyası xalqımızın yaddaşına hopdu”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


