Yaşlı müəllimlərin 300-350 manatla təqaüdə göndərilməsi YOLVERİLMƏZDİR: “Bu məbləğlə yaşamaq olmaz” backend

Yaşlı müəllimlərin 300-350 manatla təqaüdə göndərilməsi YOLVERİLMƏZDİR: “Bu məbləğlə yaşamaq olmaz” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ümumtəhsil məktəblərində yaşı 65-dən yuxarı olan xeyli müəllim çalışır. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin ölkənin ümumtəhsil məktəblərində çalışan 65 yaşlı müəllimlərin statistik göstəriciləri ilə bağlı araşdırmalarının nəticələrinə əsasən hazırda Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin orta məktəblərində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 17 471 müəllim fəaliyyət göstərir. 65 yaşı tamam olan və ya cari ilin sonuna kimi 65 yaşı tamam olacaq təhsil işçilərinin 497-si direktor, 11 385-i direktor müavini və müəllimlərdir. Həmin kadrların 449-u digər kateqoriyaya aid edilən laborant, psixoloq, tərbiyəçi, kitabxana müdiri, kitabxana işçisi, uşaq birliyi rəhbəri, tibb bacısı, 5 140-ı isə texniki işçilərdir”.

Bu sözləri Editor.az-a açıqlamasında  təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, ümumtəhsil məktəblərində kifayət qədər 65 yaşı tamam olmuş müəllim var:

“Araşdırmadan məlum oldu ki, bu ümumi müəllimlərin 10%-ni təşkil edir. Bu müəllimlərin müəyyən bir qismi bu il, digər qismi isə gələn il təqaüdə göndəriləcək. Artıq bununla bağlı ümumtəhsil məktəblərinə müvafiq göstərişlər verilib və bu sahədə müəyyən işlər görülüb. Digər araşdırmamıza görə, hazırda təkcə Bakı məktəblərində 4 min 274 müəllim təqaüd yaşındadır. Paytaxtdakı təhsil müəssisələrində ümumilikdə 33 min 408 müəllim çalışır. Onların 3 min 641 nəfəri kişi, 29 min 767-si isə qadındır. Hal-hazırda statistikalara nəzər salsaq görərik ki, Azərbaycanda müəllimlik ixtisası üzrə təhsil alanlar öz sahələrində çalışmırlar. Yəni universitetdə müəllimlik ixtisası üzrə təhsil alır, amma bitirdikdə artıq digər sahələrə üz tutur. Bu sahədə xüsusilə oğlanlar seçilir. Artıq ümumi nəzər yetirdikdə orta məktəblərdə kişilərə nisbətən qadın müəllimələri çoxluq təşkil edir. Bu da normal haldır. Çünki oğlanlar müəllimlik sahəsində az təhsil alırlar və yaxud da bu sahədə təhsil alanlar da bitirdikdən sonra çalışmırlar. Daha alternativ, yüksək əmək haqqı olan işləri seçirlər və orada çalışırlar”.

K. Əsədov hesab edir ki,  65 yaşlı müəllimlərin təqaüdə göndərilməsi yeni kadr çatışmamazlığı yaradır:

“Bu gün təqaüdə çıxacaq müəllimlərin böyük əksəriyyəti 350 manat təqaüd alır. Bu məbləğlə yaşamaq olmaz. Bu gün bizim məktəblərdə yaşı 65-70 arası olan müəllimlərimizin sayı olduqca çoxdur. Müəllim var ki, 80 yaşı var, o, həm müəllimlik edir, həm də başqa vəzifədə çalışır. Ona görə ki, yaşamaq qeyri-mümkündür. Bu səbəbdən də təqaüdə getmək onlara sərf etmir. Hesab edirəm ki, müəllimlərin təqaüdü ən azından 700-850 manat olarsa, onlar təqaüdə çıxmaqda maraqlı olarlar. Yaşlı müəllimlərin 300-350 manatla təqaüdə göndərilməsi humanizm baxımından yolverilməzdi”.

//Gülnarə Abasova, Editor.az