ABŞ Dövlət Departamentinin katibi Marko Rubio bildirib ki, Suriyanın keçid hökuməti bir neçə həftə ərzində dağılma riski ilə üzləşə bilər ki, bu da son nəticədə ölkənin parçalanmasına gətirib çıxaracaq.
“Bizim qiymətləndirməmizə görə, keçid hökumətinin üzləşdiyi çətinlikləri nəzərə alsaq, Suriya parçalanmaya gətirib çıxaracaq potensial çöküşdən və tammiqyaslı vətəndaş müharibəsindən bəlkə bir neçə həftə, bəlkə də bir neçə ay uzaqdadır”, – Marko Rubio bildirib. O vurğulayıb ki, Suriyanın ABŞ-la əməkdaşlığı ölkəni məhv olmaqdan xilas edə bilər, lakin buna heç bir təminat yoxdur. Eyni zamanda, onun fikrincə, qarşılıqlı əlaqədən imtina mütləq uğursuzluğa səbəb olacaq.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turnesi çərçivəsində Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşüb. Bu, iki ölkə liderlərinin son 25 ildə ilk görüşü idi. Ağ Ev rəhbərinin sözlərinə görə, onlar Vaşinqton və Dəməşq arasında münasibətlərin normallaşdırılması, həmçinin Suriyaya qarşı sanksiyaların ləğvi məsələsini müzakirə ediblər.
//Samir Qurbanov, Editor.az