“Rusiya Prezidenti Vladimir Putinin Bakı səfərində həm regional, həm qlobal məsələlər müzakirə olunub. Şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətləri əsas gündəm məsələlərindən biri idi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq bildirib ki, Vladimir Putin bu səfər çərçivəsində Rusiyanın prosesdə aktiv vasitəçi qismində iştirak etmək niyyətini bir daha ifadə etdi və Bakıdakı müzakirələrlə bağlı Nikol Paşinyanı məlumatlandıracağını bildirdi:
“Təbii ki, bu, Rusiyanın istəyidir. Ancaq son illər Paşinyanın davranışına diqqət etdikdə görünür ki, o daha çox Qərbdən, xüsusilə Amerika və Fransadan gələn təlimatlar əsasında hərəkət edir. Bu baxımdan yaxın dövr üçün Rusiyanın Ermənistanı sülh prosesinə cəlb etmək cəhdləri ciddi nəticə verməyəcək. Təbii ki, Ermənistan tərəfi bu və ya digər formada vədlər verərək Rusiyanı razı salmağa çalışacaq. Ancaq bəllidir ki, Ermənistan, xüsusilə də baş nazir Nikol Paşinyan verdiyi vədə əməl etməyən, öz imzasına hörmət etməyən tərəfdir. Bu baxımdan yaxın dövr üçün, ən azı bu ilin sonuna qədər Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllində aktiv rol alaraq moderatorluq edəcəyini hesab etmirəm”.
//Gülnarə Abasova, Editor.az