Yaxın günlərdə Qarabağda antiterror əməliyyatları başlayacaq?- AÇIQLAMAbackend

Yaxın günlərdə Qarabağda antiterror əməliyyatları başlayacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusunun müalicədə olan hərbi qulluqçusunun hospitalı gizli şəkildə tərk etməsi və Rusiya sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərə keçməsi qanun pozuntusudur. Bu istiqamətdə hüquq mühafizə orqanları Azərbaycan qanunları çərçivəsində müəyyən ölçülər götürəcək. Lakin Azərbaycan əsgəri özbaşına hospitalı tərk etsə də, Azərbaycan ərazisində hərəkət edib. Azərbaycan ərazisində separatçı qüvvələrin Azərbaycan əsgərinə hücum edərək onu əsir götürməsi və ona qarşı aşağılayıcı davranış nümayiş etdirməsi birbaşa Azərbaycan dövlətinə, onun suverenliyinə qarşı cinayətdir. Bu hadisəyə mütləq Azərbaycan dövləti tərəfindən adekvat cavab tədbirləri görüləcək”.

Bu sözləri Editor.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

O, bildirib ki, son günlər Ermənistanın Azərbaycanla sərhəddə, eyni zamanda Azərbaycanın Qarabağ ərazisində təxribatlar törətməsi və atəşkəsin pozulması hallarının qarşısını almaq üçün Azərbaycan dövləti tərəfindən görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilməlidir:

“Gələn ayın 2-sində Xankəndində erməni separatçı qüvvələrin “müstəqillik günü” nü qeyd etməsi ilə bağlı məlumatlar yayılıb. Hesab edirəm ki, Azərbaycanın suverenliyini təhdid edən belə addımların qarşısı qəti şəkildə alınmalıdır. Rusiya dövlətinin rəhbər siyasi dairələrinə, sülhməramlı qüvvələrin rəhbərliyinə Azərbaycan dövlətinin ciddi narazılığı çatdırılmalı və rəsmi şəkildə xəbərdarlıqlar edilməlidir. Rusiyadan 10 noyabr bəyannaməsinin 4-cü bəndinin icrası tələb olunmalıdır. Qısa zamanda separatçı qüvvələr Azərbaycan ərazisini tərk etməlidir. Mövcud situasiya beynəlxalq hüquqla Azərbaycana tanınan imkanları tətbiq etməyə əsas verir. Bu beynəlxalq hüquqda ” process of coercion” (məcburetmə prosesi) adlanır. Heçkəs bu imkanları məhdudlaşdıra bilməz. Azərbaycan dövləti sülh prosesinə və sülhün davamlılığının təmin olunmasına zərbə vuran addımların atılmasını nəzərə alaraq, Ermənistanı sülhə məcburetmə istiqamətində konkret tədbirlər görməlidir”.

Politoloqun sözlərinə görə, yaxın günlərdə Azərbaycan dövləti beynəlxalq hüquqla ona tanınan imkanlar çərçivəsində dövlət suverenliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görəcək:

“Azərbaycan yaxın günlərdə Qarabağda qısamüddətli antiterror əməliyyatları həyata keçirərək düşməni sülhə məcburetmə prosesinə başlamalıdır. Məhz bu tədbirlərin həyata keçirilməsindən sonra düşmən yenidən reallıqlarla barışacaq. Hesab edirəm, Azərbaycanın “dəmir yumruğ”u daim Ermənistanın başı üzərində olmalıdır, lazım olan halda bu yumruq düşmənin başına yenidən endirilməlidir”.

//Gülnarə Abasova, Editor.az