“Yaxın Şərq regionunda baş verənlər əslində bütün dünya üçün real təhdid mənbəyidir. Hətta bəzi ölkələr, o cümlədən də ABŞ prezidentliyinə namizəd Donald Tramp Yaxın Şərqdə baş verənləri Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəklər hadisələr sırasına daxil edir. Hesab olunur ki, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı indi daha çox realdır və bundan yayınmağın yollarının axtarılır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Politoloqun sözlərinə görə, Yaxın Şərqdə hadisələr İsrail-İran müharibəsinə çevrilərsə, bu ətraf regionlara, daha geniş areala yayıla bilər:
“O cümlədən belə bir savaşın Cənubi Qafqaza və Azərbaycana təsir göstərmə ehtimalı kifayət qədər yüksəkdir. Xüsusilə də məsələnin yalnız hərbi-siyasi tərəfindən əlavə humanitar istiqaməti də Cənubi Qafqaz və Azərbaycan üçün olduqca böyük önəm daşıyır. Xüsusilə də əgər savaş İran ərazisində daha intensiv xarakter daşıyarsa, o zaman İranın şimal hissələrindən Cənubi Qafqaza o cümlədən də xüsusilə Azərbaycana köç təhlükəsi yarana bilər. Cənubi azərbaycanlıların Azərbaycana pənah gətirmə ehtimalı yarana bilər. Azərbaycanın isə bu hadisələrə hansı səviyyədə hazır olduğu bəlli olmasa da, güclü bir dövlət kimi istənilən ektremal situasiyalardan çıxış yolu tapmaq potensialına malikdir. Azərbaycanın bütün variantlar üçün hazırlıq planı var. Ancaq bu humanitar problem kifayət qədər ağırdır və hər dövlət bunun öhdəsindən gələ bilmir. Ona görə də ölkəmiz üçün də müəyyən dərəcədə çətinliklər yarana bilər. Çünki söhbət bir neçə min nəfərin deyil, on minlərlə, hətta yüz minlərlə savaşdan qaçan insanın Azərbaycana üztutma ehtimalından gedir. Bu baxımdan təbii ki, ölkəmiz belə bir vəziyyətə hazır olmalıdır”.
//Gülnarə Abasova, Editor.az