“Yaxın Şərqdə oktyabrın əvvəllərində alovlanan keçmiş münaqişə ilə bağlı baş verən proseslər onu deməyə əsas verir ki, bunun arxasında çox ciddi məqamlar dayanır”.
Bunu Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Kollektiv Qərb ölkələri Yaxın Şərqi böyük müharibənin astanasına sürüklədiyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, HƏMAS kimi bir təşkilatın İsrailin daxilinə qədər nüfuz etməsi, orada çoxlu sayda insanı öldürməsi, girov götürməsi prosesin arxasındakı bir sıra qaranlıq məqamlardan xəbər verir :
“Hadisədən dərhal sonra Qərb dövlətlərinin liderlərinin İsrailə axın etməsi, ABŞ və digər dövlətlərin hərbi dəstəyi, ümumiyyətlə, prosesə yanaşma tərzi onu göstərir ki, bu sadəcə İsrail-HƏMAS qarşıdruması miqyasında dəyərləndirilməməlidir. Əslində bu proseslər haqlı olaraq düşünülüb. İsrail və HƏMAS arasında qarşıdurmanın başlamasından dərhal sonra İran, Livan və digər ərəb dövlətlərinə qarşı səsləndirilən açıqlamalardan bunun şahidi olduq”.
Politoloq Türkiyənin də məsələyə mövqeyinin fərqli olduğunu düşünür:
“Türkiyə məsələdə ədalətli yanaşma tərzini ortaya qoydu. Müharibədə hər iki tərəfdən mülki insanların ölümü insanlığı və bəşəriyyəti ciddi şəkildə narahat etməlidir. Bunun qarşısı mümkün qədər tez alınmalıdır. 1948-ci ildən bu yana Ərəb-İsrail müharibələrinin gedişatı göstərir ki, insan itkiləri prosesin həllinə doğru aparmır. 1967-ci ildən öncə mövcud olan sənədlər var idi. Hansı ki, 1947-ci ildə BMT tərəfindən müəyyən edilmişdi. Həmin sənədlərə əsasən torpaqlarda Fələstin və İsrail dövləti mövcud olmalı idi. Zamanında Fələstin dövlətinin yaranmasının qarşısı alınmasaydı, bu gün həmin ərazidə ayrı-ayrı təşkilatlar, qruplaşmalar kök salmazdı. Normal dövlət formalaşardı. Prosesin bu məcraya gəlib çıxmasının əsas səbəblərindən biri də BMT tərəfindən qəbul edilmiş qərara razılıq verilməsidir”.
X.Bəşirov dünyanın müxtəlif cəbhələrə bölündüyünü qeyd edir:
“Bir tərəfdən İsrailə açıq şəkildə dəstək verən Qərb dövlətləri, ABŞ, Fransa, Almaniya və s. digər tərəfdən isə Fələstinə dəstək göstərən qüvvələr, İran, Rusiya, Çin, Türkiyə və digərləri həmin cəbhələri formalaşdırır. Proseslərin bu şəkildə canlanması gələcəkdə daha böyük qarşıdurmanı reallaşdıra bilər. Münaqişələrin alovlanması kənar qüvvələrin maraqlarına xidmət edir”.
//Safura Bənnayeva, Editor.az

