Yaxın Şərq dünyanın “qaynar qazanına” çevrilib: proksi müharibə qlobal savaşa çevrilirbackend

Yaxın Şərq dünyanın “qaynar qazanına” çevrilib: proksi müharibə qlobal savaşa çevrilir-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Yaxın Şərqdəki duruma, o cümlədən İsraillə HƏMAS arasında davam edən müharibəyə ilk dəfə münasibət bildirib. O, deyib ki, Yaxın Şərqdə müharibənin genişlənməsini istəyənlər var. Türkiyə hər iki tərəfi sülhə çağırıb.

Məlum olduğu kimi, oktyabrın 7-dən bəri Yaxın Şərqdə qarşıdurma davam edir. İndiyə qədər hər iki tərəfdən xeyli sayda insan həlak olub. Müharibənin yaxın vaxtda başa çatacağı ağlabatan görünmür. Məsələ ondadır ki, hazırkı qarşıdurma yalnız HƏMAS-la İsrail arasında deyil. Bir çox dünya gücü, o cümlədən ABŞ, Rusiya və İran Qəzzadakı proseslərdə birbaşa maraqlıdır. Bu dövlətlər Yaxın Şərqdəki müharibənin öz maraqlarına uyğun nəticələnməsi üçün əllərindən gələni edir.

Ümumiyyətlə, hazırda dünyada proksi müharibə gedir: böyük güclər təsir göstərə bildikləri dövlətlərdən istifadə edərək fərqli regionlarda müharibə başladır, amma özləri birbaşa savaşa daxil olmurlar. Bu, böyük siyasi aktorların öz maraqlarını müxtəlif bölgələrdə təmin etmək cəhdidir.
Bu baxımdan, qeyd etdiyimiz kimi, müharibənin gələcəkdə daha da genişlənməsi mümkündür. Çünki dünya dövlətləri tədricən öz mövqelərini ortaya qoymalı olacaqlar. Nəzərə almaq lazımdır ki, bu gün Yaxın Şərq bütün güclü siyasi aktorların diqqət mərkəzindədir.

İsraillə HƏMAS arasında davam edən müharibə ilə bağlı fərqli ssenarilər var. Bir çoxunun fikrincə, savaş Rusiyanın maraqlarına uyğundur. Çünki ABŞ-ın diqqəti Yaxın Şərqə yönəlir. Beləliklə, Moskva ümid edə bilər ki, Vaşinqton üçün həm Kiyevə, həm də Təl-Əvivə dəstək göstərmək çətin olacaq və Ukraynaya yardım azalacaq.

İkincisi, istisna deyil ki, bu müharibə ilə ABŞ öz strateji maraqlarını həyata keçirir. Belə ki, Ağ ev artıq ərəb dünyası ilə “haqq-hesabı çürütmək” qərarına gələ bilər. Vaşinqtonun Şərqi Avropada Ukrayna vasitəsilə etdiyini Yaxın Şərqdə İsrailin əli ilə təkrarlaması mümkündür. Proseslərin gedişi ən azı Livanın müharibəyə qoşulacağını ehtimal etməyə əsas verir. Həmçinin ABŞ-ın İsrailə artan dəstəyi də belə qənaətə gəlməyə əsas verir ki, Ağ ev savaşda birbaşa maraqlıdır. Artıq ABŞ-ın İsrailə qoşun göndərməsi məsələsi müzakirə olunur.

Müharibə ilə bağlı Türkiyənin də mövqeyi aydındır. Qardaş dövlət müsəlmanları birmənalı şəkildə dəstəkləyir və Qərbi ittiham edir. Bu nöqteyi-nəzərdən savaşın daha çox davam edəcəyi təqdirdə Ankara ilə xüsusilə Vaşinqton arasında münasibətlərin gərginləşməsi gözləniləndir. Hərçənd onsuz da bu dövlətlər “mehriban düşməndirlər”.

Müharibəyə ən yaxın vaxtda son qoyulmazsa, digər ərəb dövlətləri, o cümlədən Misir də savaşa qoşula bilər. Bu isə həmin dövlətlərin arxasındakı güclərin də bu və ya digər formada döyüşlərdə iştirak etməsi deməkdir.

Xatırlatmaq yerinə düşər ki, Türkiyə xarici işlər naziri Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Kirbi İsraillə HƏMAS arasında davam edən döyüşlərin regional müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. Həmçinin daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar fikirlər səsləndirmişdi. Doğrudan da, belə bir təhlükə var. Dünya qlobal savaşın astanasındadır.

//Editor.az Təhlil Xidməti