“ABŞ-ın yalnız İranla bağlı deyil, ümumiyyətlə Yaxın Şərq regionu ilə bağlı xüsusi planları olduğu müşahidə edilir. Çünki Ağ Ev Yaxın Şərqin yenidən dizayn olunmasına üstünlük verir. Burada da ilk proses ondan ibarətdir ki, ABŞ Suriyadakı hərbi bazalarını ləğv edərək oradakı hərbi kontingenti İraqdakı hərbi bazalarına yerləşdirir”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Yaxın Şərq üçün yeni və fərqli bir düzən nəzərdə tutulub:
“Suriyanın bütövlükdə Türkiyənin öhdəsinə buraxılması niyyəti müşahidə olunur. İran məsələsində də ABŞ-ın məhz Yaxın Şərqin yenidən dizayn olunmasına yönəlik bir planının olduğu qətiyyən şübhə doğurmur. Ağ Ev İsrailin maraqları üzərindən deyil, ABŞ-ın maraqları üzərindən hərəkət etməyə üstünlük verir. Bu da ondan ibarətdir ki, ABŞ üçün hazırda fəal hərbi əməliyyatlar, hər hansı bir dövlətlə müharibə qətiyyən sərfəli deyil. Bu baxımdan ABŞ İrandan hələ ki diplomatik təmaslarla müəyyən bəzi problemləri həll etmək niyyətinə düşüb. Danışıqlar prosesi də artıq başlayıb və müəyyən həddə qədər inkişaf edib. Halbuki bu danışıqlar prosesində anlaşmaya getmək mümkün olmayıb. Hər bir halda siyasi-diplomatik cəhdlər hələ ki davam edir.
Təbii ki, İsrail İranın hərbi əməliyyatlarla çökdürülməsinə daha çox üstünlük verir. Bu ABŞ-ın maraqlarına, yaxud strateji hədəflərinə daxil olmadığına görə ABŞ belə ssenarilərə razılıq vermək istəmir. Ona görə də İsrailin yaxın vaxtlarda İranla hərbi münaqişəyə girəcəyi inandırıcı görünmür. Çünki İsrail ABŞ-ın birbaşa dəstəyi olmadan nə İrana, nə də digər strateji hədəfinə qarşı hərbi xarakterli addım atmaz. İsrailin atacağı addımlar böyük ehtimalla məhz ABŞ-nin verəcəyi qərarlarla uzlaşdırılmalı olacaq. Bu baxımdan Ağ Evdə qərar verilənə qədər nə İsrail, nə də ABŞ tərəfindən hərbi xarakterli addımlar atılmaya bilər. Bütün bunlar onu göstərir ki, Yaxın Şərqin yenidən dizayn olunması da, İranla bağlı məsələlərin nizamlanması da İsrailin mövqeyi nəzərə alınsa belə Ağ Evdə həll olunur və bu, Tramp administrasiyasının hansı qərarı verəcəyindən aslıdır. Bu məsələlərlə, xüsusilə İranla bağlı hansı qərarı verəcəyi qeyri-müəyyən olmaqda davam edir”.
//Gülnarə Abasova, Editor.az