“Birinci Dünya müharibəsinin nəticəsi olaraq Osmanlı imperiyasının parçalanması son yüz ildə Yaxın Şərq regionunda bitib-tükənməz qanlı hadisələrə, savaşlara yol açdı.7 oktyabr 2023-cü ildə HƏMAS-ın silahlı qanadı “Kassam tuqayları”nın İsrailə hücumu yeni mərhələdə qlobal hesablaşmanın, Şərqi Avropa-Ukrayna ilə yanaşı, məhz bu coğrafiya üzərindən aparılacağını göstərdi. Yaxın Şərqi qan gölünə çevirəcək İsrail-İran savaşını bu konteksdə dəyərləndirmək lazımdır
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, hadisələrin təhlili və inkişafı göstərir ki, artıq Qəzza zolağında HAMAS-ın dirəniş gücü son dərəcə zəifləyib, təşkilatın lider kadrlarının-İsmayıl Haniyə, Məhəmməd Deuf dünən gecə HAMAS-ın yeni seçilmiş lideri Sinvarın öldürülməsi bunu deməyə əsas verir:
“Oxşar taktika Livanda Hizbullaha qarşı da tətbiq olunur, yəqin ki, İraqda Haşdi-Şabi və Yəməndə husilərə qarşı da eyni metodlardan istifadə ediləcək. Lakin və təəssüf ki, bunlar hələ başlanğıcdır. Belə ki, İranın İslam coğrafiyasını radikal-dini-silahlı qrup və təşkilatlarla dizayn etmək cəhdi iflasa uğradığı an İran-İsrail savaşı qaçınılmaz olacaq. ABŞ-ın bölgəyə sürəkli olaraq təyyarədaşıyan gəmilər, son model silah və əsgər yığması, elə dünən ABŞ ordusu tərəfindən İsrailə göndərilən və dərhal döyüş hazırlığı vəziyyətinə gətirilən THAAD hava hücumundan müdafiə sistemlərinin quraşdırılması da yaxınlaşan böyük savaşın ayaq səsləri hesab edilə bilər. SEPAH komandirlərinin, İran vurulacağı təqdirdə sərt cavab verəcəkləri ilə bağlı bəyanatlarını, Türkiyə xarici işlər naziri Hakan Fidanın bölgənin böyük bir savaşa doğru getməsi ilə bağlı açıqlamasını da göz önünə gətirdikdə savaşın şiddəti və mənzərəsi tam aydın olar. İsrailin İrana nə vaxt və necə zərbələr endirəcəyi ilə bağlı məsələdə isə fikirlər müxtəlifdir.Bəzi ekspertlər zərbələrin ABŞ-da prezident seçkilərindən əvvəl bir qismi isə seçkilərdən sonra endiriləcəyini qeyd edirlər. Öldürücü zərbələrin mümkün hədəfinin İranın neft bazaları, hərbi və ya nüvə obyektləri olacağı ehtimal edilir. İsrailin bu zərbələri necə və nə vaxt endirəcəyini, İranın cavab tədbirlərinin hansı şiddətdə olacağını yəqin ki, yaxın zamanda görəcəyik.Təəssüflə qeyd edirik ki, hər halda Yaxın Şərq regionunu heç də yaxşı günlər gözləmir”.
//Gülnarə Abasova, Editor.az

