Yaxın Şərqdə kritik anlar- “Ankaranın gizli diplomatik planı işə düşdü”backend

Yaxın Şərqdə kritik anlar- “Ankaranın gizli diplomatik planı işə düşdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə artan gərginlik fonunda Türkiyənin diplomatik fəallığı diqqət mərkəzindədir və rəsmi Ankaranın münaqişənin genişlənməsinin qarşısını almağa yönəlmiş addımları region ölkələri, o cümlədən Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Türkiyə hələ hərbi qarşıdurma başlamazdan əvvəl də İran, ABŞ və İsrail arasında münasibətlərin dialoq yolu ilə həllinin tərəfdarı olub və bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edib:

“Müəyyən mərhələdə ABŞ və İran arasında danışıqların Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunsa da, İran tərəfi sonradan bu görüşlərin Omanda baş tutmasına üstünlük verib. Lakin həmin danışıqlar müharibənin qarşısını almaqda effektiv nəticə verməyib. Hazırda qarşıdurma davam etsə də, Türkiyə sülh təşəbbüslərini dayandırmayıb və həm region ölkələri, həm də beynəlxalq tərəfdaşlarla intensiv məsləhətləşmələr aparır. Məqsəd münaqişənin mümkün qədər tez dayandırılmasıdır. Bu çərçivədə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə, eləcə də Pakistanla aparılan danışıqlar ümumi səylərin gücləndirilməsinə xidmət edir”.

Oqtay Qasımov əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İranla danışıqların mümkünlüyü barədə açıqlamaları da Vaşinqtonun münaqişənin dayandırılmasında maraqlı olduğunu göstərir:

“Bu təşəbbüslər eyni zamanda ABŞ-ın maraqları ilə də üst-üstə düşür. Xüsusilə İranın zərbələrindən zərər çəkən Körfəz ölkələri də artıq münaqişənin dayandırılmasında maraqlıdır və bu istiqamətdə fəallıq nümayiş etdirirlər. Bu ölkələr gələcəkdə oxşar risklərin qarşısını almaq üçün müəyyən təminatlar əldə etməyə çalışırlar. Türkiyənin diplomatik səyləri nəticəsində region ölkələrinin aktivləşməsi müşahidə olunur və onların ABŞ-la dialoqu güclənir. Bu isə ümumilikdə sülh prosesinə müsbət təsir göstərən amillərdən biridir.

Türkiyənin regionun aparıcı ölkələri ilə strateji tərəfdaşlığı və geniş əlaqələri, eləcə də Pakistan kimi aktorların prosesdə iştirakı nəzərə alındıqda, mövcud təşəbbüslərin müsbət nəticə vermə ehtimalı kifayət qədər yüksəkdir”.

//Gülnarə Abasova, Editor.az