“Yaxın Şərqdə münaqişələr ona görə səngimir ki, bir sıra ölkələrin burada maraqları var. Bu maraqlar açıq şəkildə özünü göstərir. Belə ki, ABŞ açıq-aydın İsraili dəstəkləyir, silahla təmin edir, Aİ da prosesdə iştirak edir, eyni zamanda İran HƏMAS-ı dəstəkləyir, Livanda yerləşən “Hizbullah” qüvvələrini silahla təmin edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə yaranan belə bir gərgin vəziyyətin həlli təbii ki, asan olmayacaq:
“Bu proseslərdə bir çox oyunçuların maraqları təmin olunmalıdır. İndi reallıq ondan ibarətdir ki, İsrail onun təbirincə desək, Qəzza bölgəsini tam olaraq təmizləyib. Fələstinlilər əziyyət çəkir, başqa ölkələrə köç edir, humanitar yardımlarla bağlı problemlər yaşayırlar.
F. Sadıxov onu da bildirib ki, Yaxın Şərqdəki münaqişələrin həlli, atəşkəsin əldə olunması üçün ABŞ-dan bəzi təkliflər də irəli sürülür:
” ABŞ HƏMAS-la İsrail arasında danışıqların başlaması üçün cəhdlər edir. Hesab edirəm ki, artıq İsrail öz missiyasını yerinə yetirib, Qəzza bölgəsinə tam nəzarəti ələ keçirib. Ancaq bu da münaqişənin bitməsi demək deyil. Həll üçün müəyyən razılaşmalar əldə olunmalı, tərəflər nəticələrlə qane olmalıdır. Bundan sonrakı mərhələdə isə bu münaqişənin yatırılmasına aparıcı dövlətlər nəzarət etməlidir. Başqa çıxış yolu yoxdur”.
//Gülnarə Abasova, Editor.az